21-22 dekabr 2018-ci ildə akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyası (ACQA) və Bərdə Müalicə Diaqnostika Mərkəzinin təşkilatçılığı ilə Bərdə şəhərində “Cərrahiyyənin aktual problemlərinə” həsr olunmuş regional elmi-praktiki konfrans keçirilmişdir.

Konfrans Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunaraq 8 kredit balla qiymətləndirilmişdir. Konfransda Bərdə, Yevlax, Ağdam, Ağcabədi, Tərtər, Goranboy rayonlarından 100-ə yaxın həkimlər (cərrahlar, endoskopistlər, anestezioloq-reanimatoloqlar, endokrinoloqlar, kardioloqlar, qastroenteroloqlar) qeydiyatdan keçərək iştirak etmişlər.

Konfransın ilk günü prof. Ə.Ə.Məmmədov və prof. Q.F.Müslümov tərəfindən 3 xəstə üzərində mürəkkəb açıq və laparoskopik üsulla çətin xolesistektomiya, göbək və qasıq yırtıqlarının ləğvi, refundoplikasiya əməliyyatları icra edilərək birbaşa konfrans zalına translyasiya olunmuş, zalda moderatorlar – t.ü.e.d. E.A.Rüstəmov və t.ü.e.d. F.C.Həsənov tərəfindən əməliyyatın gedişi geniş şərh olunmuş, verilən suallar cavablandırılmışdır.

Konfransın ikinci günü ECM-nin direktoru, ACQA-nın sədri prof. R.M.Ağayev iclasa sədrlik etmişdir. O iclası açıq elan edərək Azərbaycan Respublikasında sosial-iqtisadi sahədə olan inkişaf dinamikası və Azərbaycan səhiyyəsində olan islahatlar barədə auditoriyaya məlumat vermiş, konfransın işinə uğurlar arzulamışdır.

Bərdə MDM-nin baş həkimi t.ü.f.d. H.F.Hüseynov, Bərdə Diaqnostika Mərkəzində cərrahi, anestezioloji xidmətin təşkili barədə geniş məruzə etmişdir.

İki bölümlük konfrans günündə abdominal, endokrin, damar, kardiocərrahiyyə və anesteziologiya-reanimatologiyanın aktual problelərinə həsr olunmuş mühazirələr ECM-nin şöbə rəhbərləri – prof. Ə.Ə.Məmmədov, prof. N.S.Abışov, prof. Q.F.Müslümov, t.ü.e.d. E.A.Rüstəmov, t.ü.e.d. F.C.Həsənov, aparıcı mütəxəssislər – t.ü.f.d. O.M.Şahsuvarov, t.ü.f.d. E.H.Əliyev və t.ü.f.d. R.H.Hüseynov tərəfindən auditoriyaya çatdırılmış, verilən suallara ətraflı cavab verilmişdir.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunmuşdur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir