Naxşıvanda cərrahi xəstəliklərin müasir diaqnostikası və müalicə məsələləri müzakirə olunub

10–12 aprel 2025-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasında “Cərrahi xəstəliklərin aktual məsələləri, onların diaqnostika və müalicəsinə müasir baxışlar” mövzusunda elmi-praktik konfrans keçirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) birgə təşkilatçılığı ilə baş tutan kofrans müasir tibbi elmin və praktik cərrahiyyənin aktual problemlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Konfrans ərəfəsində, 10 aprel tarixində ECM-in nümayəndə heyətini Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov qəbul edib. Görüş zamanı səhiyyə naziri muxtar respublikada son illərdə həyata keçirilən tibbi islahatlardan, kadr potensialının gücləndirilməsi və səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində atılan addımlardan bəhs edib. O, belə tədbirlərin həm elmi əməkdaşlıq, həm də təcrübə mübadiləsi baxımından önəmini vurğulayıb.

ECM-in nümayəndə heyəti daha sonra Naxçıvan Sağlamlıq Mərkəzində olub, müasir tibbi avadanlıqlarla təchiz edilmiş əməliyyat və müayinə otaqları ilə tanış olub. 10–11 aprel tarixlərində Elmi Cərrahiyyə Mərkəzinin həkim briqadası tərəfindən ümumilikdə 188 pasiyent müayinə edilib, 2 xəstə üzərində cərrahi əməliyyat icra olunub. Əməliyyatlar professor Əliniyaz Məmmədov və professor Qurbanxan Müslümovun iştirakı ilə həyata keçirilib.

ECM-inin direktoru professor Rauf Ağayev, şöbə rəhbərləti-professor Ə.Məmmədov, professor F. Saidova və professor F. Həsənov kollektivi Naxçıvan Televiziyasının efirində “Sağlam yaşa”  proqramında qonaq olmuşlar. Veriliş zamanı qonaqlar intensiv terapiya, endokrinologiya, öd yolları və qaraciyər xəstəlikləri ilə bağlı aktual tibbi mövzulara toxunmuş, eyni zamanda aparıcının suallarını ətraflı cavablandırmışlar.

Həmçinin Kardiocərrahiyyə şöbəsinin rəhbəri, professor Fazil Abbasov Naxçıvan TV-nin xəbərlər proqramına geniş müsahibə vermişdir.

Həkim mütəxəssislər tərəfindən təqdim olunan çıxışlar həm maarifləndirici, həm də praktik yönümlü olub, xəstəliklərin profilaktikası, erkən diaqnostikası və müalicə metodikaları barədə ətraflı və elmi əsaslandırılmış məlumatlar təqdim edilib. Aparıcının verdiyi  sualların cavablandırılması isə əhalinin tibbi biliklərinin artırılmasına və cəmiyyətin sağlamlıq mədəniyyətinin yüksəldilməsinə xidmət etmişdir.

Mərkəzin direktoru professor Rauf Ağayev konfrans günü  televiziyaya verdiyi digər müsahibəsində bu cür maarifləndirici təşəbbüslərin ictimai səhiyyənin inkişafında mühüm rol oynadığını vurğulamışdır. Onun sözlərinə görə, informasiya texnologiyalarının imkanlarından istifadə etməklə tibbi biliklərin geniş auditoriyalara çatdırılması, əhalidə sağlam həyat tərzinə marağın formalaşması baxımından böyük əhəmiyyət daşıyır.

Bu kimi tədbirlər cəmiyyətin ümumi sağlamlıq səviyyəsinin yüksəldilməsinə töhfə verməklə yanaşı, həkim və pasiyent münasibətlərinin də gücləndirilməsinə xidmət edir.

12 aprel tarixində keçirilən konfransın açılış mərasimində Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov çıxış edərək, bu cür elmi platformaların regionda tibbin inkişafına və yerli mütəxəssislərin biliklərinin dərinləşməsinə verdiyi töhfələri yüksək qiymətləndirdiyini bildirib. Nazir həmçinin cərrahi sahədə multidissiplinar yanaşmaların, innovativ texnologiyaların və elmi əsaslı müalicə metodlarının tətbiqinin zəruriliyini xüsusi vurğulayıb.

Elmi Cərrahiyyə Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor Rauf Ağayev çıxışında bildirib ki, Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Teymur Musayevin birbaşa təşəbbüsü, eləcə də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Elmi Cərrahiyyə Mərkəzinin professor və dosent heyəti Naxçıvan şəhərində yerli əhaliyə tibbi-konsultativ xidmət göstərib, muxtar respublikanın həkimləri qarşısında elmi-praktik konfranslar keçirib. O, konfransların yüksək təşkilat səviyyəsini xüsusi vurğulayaraq, bu cür əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin vacibliyini qeyd edib. O, konfransın elmi-praktik əhəmiyyətindən danışaraq, müasir cərrahiyyə sahəsində beynəlxalq təcrübənin yerli praktika ilə inteqrasiyasının mühüm rolunu vurğulayıb. Rauf Ağayev çıxışında həmçinin rəhbərlik etdiyi mərkəzin son illərdə əldə etdiyi nailiyyətlər, innovativ texnologiyaların tətbiqi, elmi-tədqiqat istiqamətində həyata keçirilən layihələr və beynəlxalq elmi əməkdaşlıqlar haqqında ətraflı məlumat verib. Onun rəhbərliyi ilə ECM-də həyata keçirilən multidissiplinar tədqiqatlar, elmi məqalələrin nüfuzlu jurnallarda dərc olunması və mütəxəssis hazırlığı sahəsində görülən işlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Çıxışdan sonra “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” və ECM-in fəaliyyətini əks etdirən tanıtım videoları nümayiş olunub.

Konfransın elmi hissəsində tibb elmlər doktoru İlham Kazımov və professor İsa Abdullayevin moderatorluğu ilə ECM-in alim və mütəxəssisləri tərəfindən aşağıdakı məruzələr təqdim olunub:

Professor Fazil Abbasov“Ürəyin birincili şişlərinin diaqnostikası və cərrahi müalicəsi”

Professor Əliniyaz Məmmədov“Öd yollarının yatrogen zədələnmələrinin səbəbləri, diaqnostikası, cərrahi müalicəsi və profilaktikası”

Professor Fəridə Saidova“Düyünlü urlar zamanı əməliyyata göstərişlər”

Professor Qurbanxan Müslümov“Minimal invaziv kolon cərrahiyyəsində nailiyyətlər”

Professor Fuad Həsənov“Mədə-bağırsaq qanaxmalarının intensiv terapiya prinsipləri”

Tibb elmləri doktoru Elburus Rüstəmov“Həzm sisteminin yuxarı şöbəsinin qeyri-varikoz mənşəli qanaxmalarının diaqnostika və müalicəsinə müasir yanaşmalar”

Tibb üzrə fəlsəfə doktoru Rasim Quliyev“Periferik arterial xəstəliklər”

Məruzələr 210 nəfərdən çox konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Təqdimatlar zamanı klinik təcrübəyə əsaslanan, sübutlara dayanan yanaşmalarla yanaşı, yeni tədqiqat nəticələri və müasir müalicə protokolları da müzakirə olunub. Sonda iştirakçılar arasında elmi diskussiya və fikir mübadiləsi aparılıb.

Konfransın sonunda iştirak edən həkimlərə müvafiq sertifikatlar təqdim olunub.

Tədbirin yekununda  həm təşkilatçı tərəf olan Naxçıvan Muxtar Respublikasının səhiyyə nümayəndələri, həm də Elmi Cərrahiyyə Mərkəzinin nümayəndələri tədbirlə bağlı müsbət təəssüratlarını bölüşüblər.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov belə yüksək səviyyəli elmi tədbirin muxtar respublikada keçirilməsini tibb ictimaiyyəti üçün mühüm hadisə kimi dəyərləndirib. O, konfransın regionda səhiyyə sahəsində aparılan islahatlara elmi dəstək verdiyini, gənc həkimlərin bilik və bacarıqlarının artırılmasında, həmçinin elmi-praktik əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynadığını vurğulayıb. Nazir qeyd edib ki, bu cür tədbirlər yalnız elmi mübadilə ilə kifayətlənmir, həm də səhiyyənin keyfiyyət göstəricilərinin yüksəldilməsinə real təsir göstərir.

Elmi Cərrahiyyə Mərkəzinin nümayəndələri adından çıxış edən mərkəzin direktoru, professor Rauf Ağayev Naxçıvan Muxtar Respublikasında tibb sahəsində görülən işləri yüksək qiymətləndirib, burada formalaşmış tibbi infrastrukturun və təşkilati mexanizmlərin nümunəvi xarakter daşıdığını bildirib. O, həmçinin qeyd edib ki, konfrans çərçivəsində aparılan klinik müayinələr, cərrahi əməliyyatlar və elmi çıxışlar qarşılıqlı öyrənmə və təcrübə paylaşımı baxımından olduqca faydalı olmuşdur.

Professor Rauf Ağayev vurğulayıb ki, belə elmi-praktik platformalar təkcə bugünkü tibbi problemlərin müzakirəsi ilə məhdudlaşmır, eyni zamanda gələcək elmi əməkdaşlıqlar və birgə layihələr üçün də möhkəm zəmin yaradır. O, gələcəkdə bu əməkdaşlığın davamlı olacağına inandığını və Elmi Cərrahiyyə Mərkəzinin bu istiqamətdə hər zaman açıq olduğunu qeyd edib.

Sonda hər iki tərəf elmi əməkdaşlığın davam etdirilməsi, ortaq tədqiqat layihələrinin və təlim proqramlarının təşkili ilə bağlı niyyətlərini ifadə ediblər. Konfransın ümumi ab-havası, təşkilati səviyyəsi və əldə olunan nəticələr iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.