Akademik Böyükkişi Ağayevin 95 illik yubileyi münasibətilə II Fəxri xiyabanda məzarı ziyarət olunub

Heç vaxt zəhmət olmasa, ömür yolu uğurlu olmur.

Böyük zəhmətin, səyin nəticəsində insan təkmilləşə bilir.

 akademik Böyükkişi Ağayev

Görkəmli alim və pedaqoq, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) mərhum direktoru Böyükkişi Ağa oğlu Ağayevin 95 yaşı tamam olur.

Bu münasibətlə, ECM-in rəhbərliyi, alimin yetirmələri II Fəxri xiyabanda onun məzarını ziyarət edib, hörmət və ehtiramlarını bildiriblər, ruhuna dualar oxuyublar.

Böyükkişi Ağayev 1928-ci il sentyabr ayının 10-da Sabirabad rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1944–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində ali təhsil alıb.

1950-ci ildə Sabirabad rayon xəstəxanasında əmək fəaliyyətinə başlayan Böyükkişi Ağayev burada 1954-cü ilədək həkim-cərrah işləyib. O, 1954-1957-ci illərdə Moskva şəhərində İkinci Moskva Dövlət Tibb İnstitutunun cərrahiyyə üzrə aspiranturasında oxuyub, aspiranturanı bitirdikdən sonra, 1958-1960-cı illərdə Həştərxan Tibb İnstitutunun cərrahiyyə kafedrasının assistenti olub.

1960-cı ildə Bakıya qayıdan Böyükkişi Ağayev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Onkologiya İnstitutunda əmək fəaliyyətini davam etdirərək 1967-ci ilədək İnstitutun cərrahiyyə şöbəsinin baş elmi işçisi və şöbə müdiri vəzifələrində çalışıb.

1968-ci ildə Azərbaycan Tibb Universitetinin hospital cərrahiyyə kafedrasına professor seçilən Böyükkişi Ağayev 1973-cü ildən ömrünün sonuna qədər universitetin ikinci cərrahi xəstəliklər kafedrasına rəhbərlik edib. Alim bütün bu illər ərzində tibb kadrlarının hazırlanması işində mühüm xidmətlər göstərib. O, eyni zamanda, 1988-1999-cu illərdə Elmi Tədqiqat Qastroenterologiya İnstitutunun, 1999-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Cərrahiyyə Mərkəzinin direktoru vəzifələrini tutub.

Böyükkişi Ağayev 1957-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1968-ci ildə professor elmi adına layiq görülüb. O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.

Azərbaycan elmində xüsusi rolu ilə diqqət çəkən akademik Böyükkişi Ağayev ölkəmizdə çoxsaylı cərrahların yetişməsində müstəsna xidmətlər göstərib. Respublikada cərrahi qastroenterologiya elmi məktəbinin yaradıcılarından olan alimin dəyərli tədqiqatları bu istiqamətdə fundamental araşdırmaların aparılması və onların müalicə işində tətbiqi üçün geniş imkanlar açıb. Alim eksperimental nəticələr əsasında təcrübi tövsiyələri və ixtiraları ilə tibb elminə əvəzsiz töhfələr bəxş edib.

Böyükkişi Ağayev 400-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, üçcildlik “Cərrahi əməliyyatlar atlası”nın, dərslik, ixtiralar və səmərələşdirici təkliflərin müəllifidir. Ölkənin qastroenteroloq həkimlərinin bütöv bir nəsli Böyükkişi Ağayevin tədqiqatlarından bu gün mötəbər mənbə kimi istifadə etməkdədirlər. Alimin xarici dillərdə işıq üzü görən fundamental-nəzəri əhəmiyyətli əsərləri, eləcə də beynəlxalq konfrans və simpoziumlardakı məzmunlu çıxış və məruzələri hər zaman elmi ictimaiyyət arasında dərin rəğbətlə qarşılanıb.

B.Ağayevin rəhbərliyi ilə 9 tibb üzrə elmlər doktoru, 52 tibb üzrə fəlsəfə doktoru və çox sayda yüksəkixtisaslı cərrah qastroenteroloq hazırlanıb. Hazırda akademikin hazırladığı kadrlar beynəlxalq elmi qurumlarda tibb elmini yüksək səviyyədə təmsil edirlər.

Elmi və pedaqoji fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilən B.Ağayev Azərbaycan tibb elminin inkişafındakı xidmətlərinə görə «Azərbaycan SSR Əməkdar elm xadimi» fəxri adına layiq görülüb, 1998-ci ildə “Şərəf” ordeni ilə təltif edilib.

Böyükkişi Ağayevin ictimai fəaliyyəti də səmərəli olub. O, bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvü və 12-ci çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib.

Akademik Böyükkişi Ağa oğlu Ağayev 2018-ci il aprelin 4-də ömrünün 90-cı ilində vəfat edib. II Fəxri xiyabanda torpağa tapşırılıb.

Görkəmli alim, gözəl pedaqoq və qayğıkeş insan Böyükkişi Ağayevin zəngin elmi irsi bundan sonra da xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcək. Əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.