Elmi Cərrahiyyə Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub

Bu gün akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (ECM) 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə tədbir keçirilib.

İştirakçıları təbrik edən ECM-in elmi katibi professor İlham Kazımov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsini xatırladıb, bu günün əhəmiyyətindən söz açıb. Həmçinin ECM-in direktoru professor Rauf Ağayevin səmimi təbriklərini tədbir iştirakçılarına çatdırıb.

İlham Kazımovun sözlərinə görə, Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə əmək fəaliyyətində və ECM-in ictimai həyatında fəal iştirak edən əməkdaşların mükafatlandırılması artıq ənənə halını alıb.

Tədbirdə çıxış edən Həmkarlar İttifaqının sədri Cəmaləddin Kosayev tədbir iştirakçılarını təbrik edib, onlara  gələcək işlərində uğurlar arzulayıb.

Daha sonra 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təltif olunan bir qrup əməkdaşa hədiyyələr və gül dəstələri təqdim edilib.