Ulu öndərin 100 illik yubileyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində qeyd olunub

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Bu münasibətlə akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (ECM) təntənəli tədbir keçirilib.

Öncə tədbir iştirakçıları ulu öndərin büstü önünə gül dəstələri düzüblər, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Yubiley tədbirində çıxış edən ECM-in direktoru professor Rauf Ağayev ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, Azərbaycanın çiçiəklənməsi, qlobal arenada mühüm nailliyyətlərə imza atması naminə apardığı siyasətdən danışıb.

Ulu öndərin səhiyyəmizə göstərdiyi diqqət və qayğıdan söz açan R.Ağayev tədbir iştirakçılarına Heydər Əliyevin Azərbaycan tibb elminin inkişafına verdiyi töhfələrdən də ətraflı bəhs edib.

“Heydər Əliyev İli” çərçivəsində ECM tərəfindən keçirilən silsilə tədbirlərdən söz açan professor Rauf Ağayev bu ilin mart ayında rəhbərlik etdiyi qurumun inzibati binasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşənin açıldığını xatırladıb. Qeyd edib ki, öz möhtəşəmliyi və təntənəsi ilə diqqət çəkən guşədə ulu öndərin ailə üzvləri ilə yanaşı, ömür yolunun müxtəlif dövrlərini, Azərbaycan ictimaiyyətinin nümayəndələri, tibb işçiləri ilə yaddaqalan görüşlərini əks etdirən maraqlı fotoşəkillər yer alıb.

Direktor, həmçinin bir neçə gün öncə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilmiş beynəlxalq elmi-praktiki konfransın elmi əhəmiyyətindən danışıb. Vurğulayıb ki, adıçəkilən konfransda dinlənilən məruzələri müasir səhiyyənin aktual problemləri, tibb elminin qlobal çağırışları nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.

R.Ağayevin sözlərinə görə, ECM-in “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər planına uyğun olaraq bu ilin sonunadək silsilə tədbirlər davam etdiriləcək.

Çıxış edən digər natiqlər fəxr və qürur hissi ilə ümummilli liderin hakimiyyəti illərində səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsi, yüksəkixtisaslı tibb kadrlarının hazırlanması, Azərbaycan səhiyyəsinin dünyada tanıdılması üçün görülən işləri xatırlayıblar. Ulu Öndər Heydər Əliyevin miras qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində səhiyyəmizin, tibb elminin qazandığı ən son nailiyyətlərdən danışıblar.