Dövlət Mükafat laureatı yubilyarımızı təbrik edirik!
Bu gün Səhiyyə Nazirliyi Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) Endokrin cərrahlığı üzrə elmi şobənin aparıcı elmi işçisi «Tərəqqi» medalı laureatı, tibb üzrə fəlsəfə doktoru Oruc Şahsuvarovun 85 yaşı tamam olur.
Bu münasibətlə 4 iyun tarixində yubiley tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan ECM-in direktoru, professor Rauf Ağayev Oruc Şahsuvarovun elmi, elmi-təşkilati fəaliyyətindən, qalxanabənzər vəzin müxtəlif cərrahi xəstəliklərin müasir klinik – laborator və instrumental metodların istifadəsi ilə vaxtında diaqnostikası və cərrahi müalicə üsullarının uğurla tədbiqində qazandığı əvəzolunmaz nailiyyətlərindən danışıb.
Endokrin cərrahlığı üzrə elmi şobənin rəhbəri F.Saidova öz çıxışında O.Şahsuvarovun həyatı, elmi və praktiki fəaliyyəti barədə çıxış edib. Daha sonra ECM-in şobə rəhbərləri – F.Abbasov, F.Həsənov, Q.Müslümov yubilyar haqqında ürək sözlərini ifadə edib, xatirələrini bölüşüblər. Oruc Şahsuvarovun həm kollektivin, həm də müalicə etdiyi pasineytlərin əvəzsiz hörmətini və sevgisini qazandığını dilə gətiriblər.
Yubilyar ona göstərilən xüsusi diqqət və qayğıya görə, həmçinin şəxsinə olan etimada görə müəssisə rəhbərliyinə təşəkkürünü izhar edib.
Tədbirdə Oruc Şahsuvarova 85 illik yubileyi münasibəti ilə ECM-in Fəxri fərmanı təqdim edilib.
Qeyd edək ki, Oruc Müseyib oğlu Şahsuvarov 1939-cu ildə Laçın rayonunun Minkənd kəndində anadan olub. Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsin 1965-ci ildə bitirmiş, təyinat ilə Laçın rayonunun Minkənd kəndində 1965-1967-ci illərdə baş həkim vəzifəsində çalışmışdır. 1967-ci ilin noyabr ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ETKTEİ-nin endokrin cərrahiyə şöbəsində kliniki ordinaturaya qəbul olunmuş, 1969-cu ildə ordinaturanı bitirdikdən sonra endokrin cərrahlığı şöbəsində kiçik elmi işçi vəzifəsinə seçilmişdir. 1977-ci ildə Moskva şəhərində “Qeyri spesifik tireoiditlərin cərrahi müalicəsi” mövzusunda namizədlik dissertasiyasın müdafiə etmiş, 4 sentyabr 1978-ci ildə həmin şöbəyə aparıcı elmi işçi seçilmiş və bu günə qədər həmin vəzifəzədə çalışır.
1984-cü ildə SSRİ-nin AAK tərəfindən O. Şahsuvarova cərrahlıq ixtisası üzrə “böyük elmi işçi” elmi dərəcəsi attestatı verilmişdir. (SH№036515, Moskva)
Tibb üzrə fəlsəfə doktoru O. Şahsuvarovun 1 monografiya, 2 ixtiranın, 5 səmərələşdirici təklif, 2 metodik tövsiyyə, 200 elmi məqalə və tezisin müəllifidir.
Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə Şahsuvarov Oruc Müseyib oğlu Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə “Tərəqqi” medalı ilə təltif edilib.
Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin kollektivi tanınmış cərrahı yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, yubilyara uzun ömür, can sağlığı, Azərbaycan səhiyyəsinin, tibb elminin inkişaf etdirilməsi naminə elmi-təşkilati fəaliyyətində yeni nailiyyətlər arzu edir.
Ad gününüz mübarək, hörmətli Oruc müəllim!