Haqqımızda

Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (ECM) öz şanlı tarixi və zəngin ənənələri ilə Azərbaycanın ən nüfuzlu elmi-tədqiqat təşkilatlarından biri olararaq, cərrahiyyənin mühüm sahələrində qabaqcıl mövqeyə malik elmi, tibbi, metodik mərkəzdir.

Bütün sahələrdə olduğu kimi səhiyyə sisteminin inkişafına artırılan diqqət və qayğı dövlətimizin başlıca vəzifələrindən olub, bu sahədə də son illərdə böyük uğurlar əldə edilmişdir: belə ki, sağlamlıq ocaqlarının müasir tibbi avadanlıqlarla təchizi, dünya standartlarına cavab verən yeni səhiyyə obyektlərinin tikintisi ilə bağlı nəhəng işlər görülür. Bu xüsusda Respublika rəhbərliyinin göstərişi ilə Mərkəzin kliniki binasının əsaslı təmirindən (2008-2010) sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları, Respublikanın birinci xanımı Mehriban Əliyeva və Səhiyyə Naziri Oktay Şirəliyevin iştirakı ilə keçirilən açılış mərasimində (24.12.2010) möhtərəm Prezidentimizin söylədiyi “…Biz artıq təbabətin müxtəlif sahələrində Azərbaycan standartlarından danışmağa haqqımız var…” sözləri Mərkəzin gələcək fəaliyyəti üçün bir deviz oldu.

Bu gün ECM Respublikanın geniş profilli cərrahiyyə mərkəzi olaraq, ölkədə professional cərrahların yetişdirilməsi ilə yanaşı, cərrahiyyənin ümumi, qastroenteroloji, kardioloji, angioloji, endokrinoloji kimi əsas sahələrində yüksək tibbi xidmətlərilə seçilir. Konsultativ poliklinika, aptek və laboratoriyaları (kliniki- diaqnostik, patomorfoloji) olan 240 çarpayılı ECM-də ən müasir tibbi – texniki avadanlıqla təchiz edilmiş angioqrafiya, endoskopiya, kompyuter tomoqrafiyası, şüa diaqnostikası kabinetləri, əməliyyat blokları, reanimasiya zalı istənilən zəruri cərrahi müdaxilənin həyata keçirilməsinə imkan verir.

Akad. M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ölkədə və respublika hüdudlarından xaricdə tanınmış yüksək fəlsəfə doktorları, ixtisaslı mütəxəssislər – professorlar, tibb üzrə elmlər doktorları və fəlsəfə doktorları, ali dərəcəli həkimlər çalışaraq, cərrahiyyənin bir çox sahələrində laborator və instrumental diaqnostik tədqiqatların dəstəyi ilə əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərirlər. 1961-2018-ci illər ərzində mərkəzdə kliniki və eksperimental cərrahlığın aktual məsələlərinə həsr edilmiş 61 elmi konfrans keçirilmiş, 44 tibb üzrə elmlər doktorluğu, 208 tibb üzrə fəlsəfə doktorluğu dissertasiyaları müdafiə olunmuşdur. Bu illər ərzində institut əməkdaşları tərəfindən 45-dən çox monoqrafiya və dərsliklər, 40 elmi əsərlər toplusu, 220-ə yaxın metodik tövsiyə, 5400-dən çox elmi məqalə, 42 məcmuə, onlarla dərs vəsaiti və kitab nəşr edilmiş, 90-dan çox müəlliflik şəhadətnaməsi və səmərələşdirici təkliflər üzrə 350-yə yaxın vəsiqə alınmışdır. İnstitut 1961-ci ildə yarandığı zaman ilkin strukturası 5 bölmədən ibarət olduğu halda, bu gün Elmi Cərrahiyyə Mərkəzinin müasir texniki avadanlıqla təchiz edilmiş aşağıda qeyd edilən şöbələr əhaliyə yüksək keyfiyyətli xidmət göstərməkdədir:

MƏRKƏZİN TARİXİ

Hazırda Azərbaycan Səhiyyə Nazirliyinin tərkibinə daxil olan və 1983-cü ildən akad. M.A.Topçubaşovun adını daşıyan Elmi Cərrahiyyə Mərkəzi ilkin olaraq 1947-ci ildə akad. M.A.Topçubaşovun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə

Azərbaycan Elmlər Akademiyası nəzdində Eksperimental Təbabət İnstitutu adı altında yaradılmış və qısa müddətdən sonra II Dünya müharibəsinin yenicə bitməsilə əlaqədar və müharibənin törətdiyi ciddi problemlərin təsiri səbəbindən fəaliyyətini dayandırmalı olmuşdur.

Yalnız 1961-ci ildə SSRİ EA ilə AzSSR EA-nın Rəyasət heyətinin birgə gərarı əsasında institut AzSSR EA nəzdində Elmi Tədqiqat Kliniki Təbabət İnstitutu adı altında yenidən yaradılması AzSSR Nazirlər Kabineti- nin əmri ilə rəsmiləşdirilmişdir. Respubliika üçün mühüm əhəmiyyət kəsb edən bu elm və sağlamlıq ocağının yaradılmasında EA akademikləri M.A.Topçubaşov, C.M.Abdullayev, Z.M.Məmmədov, C.Y.Hüseynov kimi alimlərin böyük rolu olmuşdur.

İnstitut 1963-cü ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə SSRİ Tibb Akademiyasının tərkibinə, 1966-cı ildə isə SSRİ Səhiyyə Nazirliyinin əmrinə əsasən Azərbaycan SSR Səhiyyə Nazirliyinin tabeçiliyinə verilir və yalnız bundan sonra institutun binalarının inşasına başlanır. Belə ki, 1973-cü ilin sonlarında 300 çarpayılı kliniki binası, 1980-ci ildə isə institutun nəzəri korpusu başa çatdırılaraq istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qərarına əsasən 1980-ci ildə institut respublikanın cərrahiyyə üzrə aparıcı müəssisəsi təyin edilərək, onun üzərinə respublika üzrə cərrahiyyə sahəsində tibbi xidmətlərin ümumi koordinasiyası və təşkilati-metodiki fəaliyyətə rəhbərlik kimi ciddi vəzifələr qoyulmuşdur.

1983-cü ildə Az.SSR Səhiyyə Nazirliyinin Qərarına əsasən institutun adı dəyişdirilərək Elmi-Tədqiqat Kliniki Eksperimental Cərrahiyyə İnstitutu, 1997-ci ildə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qərarı ilə yenidən dəyişdirilərək akad. M.A.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzi adı verilmişdir.

İnstitutun ilk direktoru (1961-1963) vəzifəsinə akademiyanın müxbir üzvü prof. F.Ə.Əfəndiyev təyin edilmiş və 1963-cü ildə onun vaxtsız vəfatından sonra 1963-1994 illər ərzində instituta prof. N.B.Pzayev, 1994-1999-cu illərdə isə t.e.d. F.C.Ceyranov rəhbərlik etmişdir.

1999-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qərarı əsasında Elmi Tədqiqat Qastroenterologiya İnstitutu (direktor akad.B.A.Ağayev) ilə akad. M.A.Topçubaşov adına Elmi Tədqiqat Kliniki Təbabət İnstitutu birləşdirildikdən sonra yaradılmış Elmi Cərrahiyyə Mərkəzinin direktoru vəzifəsinə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, professor, Əməkdar Elm Xadimi, Şöhrət ordenli akademik B.A.Ağayev, onun elmi işlər üzrə müavini vəzifəsinə isə professor H.B.İsayev təyin edilir.

Məhz yuxarıda qeyd edilən iki ciddi elm ocağının vahid rəhbərlik altında birləşməsi və yaranmış yeni Mərkəzin rəhbərliyinin səyləri istər elmi, istərsə də praktiki cəhətdən keyfiyyət və kəmiyyət etibarı ilə yeni məhsuldar dövrün başlanğıcına təkan verdi. Belə ki, müasir cərrahiyyənin aktual problemlərinin həllinə yönəldilmiş tədqiqat işlərinin Almaniya, Ukrayna, Rusiya və Türkiyənin tanınmış elmi-tədqiqat mərkəzləri ilə birgə aparılması, yüksək ixtisaslı kadr hazırlığı məqsədi ilə Mərkəzin onlarla perspektivli əməkdaşları dünyanın qabaqcıl klinikalarına qısa və uzun müddətə ezam edilməsi, istedadlı cavan kadrların işə qəbulu böyük vüsət aldı. Bütün bunların nəticəsində aparılan elmi axtarışların nəticələri kliniki cərrahiyyənin ən aktual problemlərinə həsr edilmiş 15 doktorluq və 36 namizədlik dissertasiyalarında, yüzlərlə elmi məqalələrdə, tezislərdə, onlarla metodik tövsiyələrdə, səmərələşdirici təkliflərdə və ixtiralarda öz əksini tapdı.

2000-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Qərarı ilə ECM-nin adı dəyişdirilərək ona Elmi-tədqiqat Kliniki Təbabət institutu qoyuldu. 2007-ci ildə isə SN-nin Qərarı ilə yenidən institutun əvvəlki “akad.M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi“ adı ona qaytarıldı.

Son illərdə Azərbaycanın bütün reqionlarında vüsət almış yenidənqurma və modernizasiya tədbirləri fonunda ECM rəhbərliyinin ardıcıl planlaması və Respublika Rəhbərliyinin və ilk növbədə Prezident İlham Əliyev cənablarının uyğun təqdimatlara verdiyi böyük dəstək sayəsində Mərkəz müasir səviyyədə təmir edilmiş (2008-2010) və bütün maddi-texniki bazası yeniləndirilmişdir. Bu xüsusda mərkəzin yeni simada təqdimatını (24.12.2010) ziyarət edən Respublika Prezidenti İlham Əliyev cənabları belə söyləmişdir: “…Cərrahiyyə sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında müstəsna xidmətləri olan bu Mərkəzin keçdiyi yol səhiyyəmizin inkişaf mərhələlərindən biridir. 1971 -ci ildən inşa edilən Kliniki Eksperimental Təbabət İnstitutunun – indiki Elmi Cərrahiyyə Mərkəzinin binası uzun müddət təmir edilmədiyindən yararsız vəziyyətə düşmüşdü. Mərkəzin Bakı şəhəri və bütövlükdə ölkə üçün əhəmiyyətini nəzərə alaraq, mənim sərəncamım və tapşırıqlarıma uyğun surətdə bu səhiyyə ocağı əsaslı təmir edilərək yenidən quruldu. Bir il yarım ərzində başa çatdırılan bu işlərdən sonra indi ECM ən müasir standartlara cavab verən tibb ocağına çevrilib…”

Beləliklə əsaslı təmir və yenidənqurmadan sonra açılmış olan akad. M.A.Topçubaşov adına ECM-in 50 illik yubileyi ilində ən müasir kliniki bazada fəaliyyətə başlanmasının əsası qoyuldu.

2018-ci ilin aprel ayında ECM-nin direktoru, akademik B.A.Ağayevin vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ilə mərkəzin direktoru vəzifəsinə prof. R.M.Ağayev təyin edilmişdir.

PEDOQOJİ FƏALİYYƏT

ECM eyni zamanda Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının (kafedra müdiri professor R.M.Ağayev, tədris üzrə müdiri, t.ü.e.d. Cəfərli R.E.) kliniki bazasıdır. Kafedranın professor, dosent və assisentlərinin pedoqoji məşğələlərlə yanaşı mərkəzin müxtəlif kliniki şöbələrində geniş praktiki fəaliyyətlə məşğul olmaları cərrahiyyə sahəsi üzrə kadrların hazırlanmasında imkanları xeyli artırmış olur. Belə ki, tələbələrin         mərkəzin səhər     konfranslarında, xəstələrin əməliyyata hazırlanmasında və xüsusilə əməliyyatlarda iştirak etmələri, reanimasiya şöbəsində növbə keçirmələri, treninqlərin aparılması, mühazirələrin, praktiki məşğələlərin və əməliyyatların gedişini, müayinə metodlarını əks etdirən görüntülərin ən yeni vasitələrlə göstərilməsinin gündəlik dərs prosesində tətbiqi və s.bu kimi fəaliyyətlərin kafedranın əməkdaşları tərəfindən təşkili dərs keyfiyyətini xeyli yaxşılaşdırır.

“CƏRRAHİYYƏ” JURNALI

Akademik B.A.Ağayevin təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Azərbaycan Cərrah və Qastroenteroloqlar Cəmiyyətinin təsis etdiyi “Cərrahiyyə” elmi-praktiki jurnalında cərrahiyyə, qastroenteroloqiya, anesteziologiya-reanimatologiya, onkologiya, travmatologiyanın müxtəlif aspektlərinə həsr olunmuş orijinal məqalələr azərbaycan, ingilis və rus dillərində çap olunur. Jurnal ildə 4 dəfə (kvartalda 1 dəfə olmaq şərtilə) nəşr olunur. Hal-hazırda jurnalın baş redaktoru professor Rauf Maqsud oğlu Ağayev, məsul katib t.ü.f.d. Bəhruz Vilayət oğlu Musayevdir. Redaksiya heyətinə Azərbaycanın görkəmli cərrahları, onkoloqları, uroloqları və qastroenteroloqları daxildir.

BEYNƏLXALQ ƏLAQƏLƏR

Son illər ölkəmizdə gedən ümumi inkişaf və islahatlar ECM-in Beynəlxalq əlaqələrinin də genişləndirilməsini şərtləndirmişdir. Qazanılmış nailiyyətlərin inkişafı, yeni elmi tədqiqat istiqamətlərinin müəyyən edilməsi, kadrlarımızın Qərbin inkişaf etmiş klinikalarında ixtisaslaşmasının təşkili, əməkdaşlarımızın

tibb elminin müasir nailiyyətləri haqqda mütəmadi məlumatlandırılması beynəlxalq əlaqələrdə əsas hədəflərimizdir.

Cərrahi xidmətin yüksəldilməsi və birgə elmi işlərin aparılması məqsədi ilə Almaniya, ABŞ, Türkiyə, İran, Rusiya, Ukrayna kimi dövlətlərin bir sıra qabaqcıl elmi-kliniki mərkəzləri ilə ECM arasında qarşılıqlı əməkdaşlıq qurulmuşdur. Həmin klinikaların 6 əməkdaşı bizim Mərkəzin Fəxri Professorlarıdır.

AVRASİYA CƏRRAH VƏ QASTROENTEROLOQLAR ASSOSİASİYASI

Beynəlxalq əlaqələrin möhkəmlənməsi və daha da inkişaf etdirilməsində 1996-cı ildə akad. B.A.Ağayev və prof. R.M.Ağayevin yaxından iştirakı ilə Avrasiya Cərrah və Qastroenteroloqlar Cəmiyyətinin yaradılması müstəsna əhəmiyyət kəsb edir. Cəmiyyətin hər il təşkil etdiyi, dünyanın 20-yə yaxın dövlətindən tanınmış alimlərin qatıldığı Avrasiya Cərrah və Qastroenteroloqlar konqresinin ilk dəfə 1997, daha sonra 2003, 2006, 2008, 2011, 2013 illərdə Bakıda keçirilməsi, dünyaşöhrətli alimlərin mühazirə və çıxışları bizim həkimlərin cərrahiyyənin yeni nailiyyətləri ilə yaxından tanışlığına, yeni dostluq əlaqələrinə imkan yaratmış olur. Məhz bunun nəticəsi olaraq son illərdə ECM-in gənc həkimləri Avropa ölkələrinin tanınmış cərrahiyyə mərkəzlərində qısa və uzun müddətli iş yerlərində olmuş, öz bilik və bacarıqlarını artırmağa nail ola bilmişlər. Hal-hazırda Assosiasiyanın sədri, prof. R.M.Ağayevdir.

RESPUBLİKA SƏHİYYƏSİNƏ ELMİ-PRAKTİKİ YARDIM FƏALİYYƏTİ

ECM Respublikanın rayonlarında da cərrahiyyənin inkişafı istiqamətində genişmiqyaslı işlər aparır. Səhiyyə Nazirliyinin Kolleqiyasının Qərarlarına əsasən Elmi Şurada təsdiqini tapmış plana uyğun olaraq Elmi Mərkəzin əməkdaşları rayon və şəhər xəstəxanalarına qısa və uzun müddətə ezam edilərək orada xəstələrin müayinə və müalicəsi ilə məşğul olur, həkimlərə səhiyyənin müasir problemlərinə həsr edilmiş mühazirələr oxuyur və seminarlar keçirirlər. ECM-in rəhbərliyinin aktiv iştirakı ilə son illərdə Şirvan, Səlyan, Şəmkir, Bərdə, Quba, Gəncə, Sabirabad, Zərdab və s. rayonlarında elmi-praktiki konfranslar keçirilmiş, müalicə ilə bağlı praktiki işlər aparılmış, həkim məsləhətləri verilmişdir.

Respublikamızın rayonlarında çalışan onlarca həkim-cərrah ECM-nin şöbələrində təkmilləşmə məqsədilə iş yerlərində olmuşlar.