8 Noyabr – Zəfər Günüdür

Bu gün Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin növbəti ildönümü –  Zəfər Günüdür. O, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir.

Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir.

Azərbaycan dövlətinin rəhbərliyi onilliklər boyu bəyan etdi ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və bütün imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başladı.

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazdılar. İşğalçı qüvvələrə ağır zərbələr endirildi, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad olundu. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün oldu. Məhz bu zəfər Ermənistan ordusunun tam çökməsinə, qeyri-şərtsiz təslim olmasına və noyabrın 10–da Ermənistan baş nazirinin kapitulyasiya aktına qol çəkməsinə səbəb oldu. Bu kapitulyasiya aktından irəli gələn müddəalara əsasən qısa zamanda Ermənistan ordusu Ağdam, Kəlbəcər və Laçın rayonlarından da öz hərbi qüvvələrini çıxartdı. Bununla da Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda öz ərazi bütövlüyünü bərpa etdi.

8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və  böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsidir. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad  edilməsi xalqımızı uzun illər davam edən  məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirdi. Qüdrətli Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar

mənzərəsini dəyişməyə qadir olduğunu, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirdi.

Yaşasın Ali Baş Komandan!

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!