Bu gün Beynəlxalq Tibb Bacısı Günüdür

1974-cü ildə keçirilən Şəfqət Bacılarının Beynəlxalq Məsləhət Şurasının dünyanın 141 ölkəsindən olan iştirakçılarının yekdil qərarına əsasən şəfqət bacılarının peşə bayramı təsis edilib. Beləliklə, əlli ilə yaxındır ki, ilk ingilis tibb bacısı Florens Haytingelin doğum günü, yəni mayın 12-ni Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur.

F.Haytingel 1853-1856-cı illərdə Krım müharibəsi zamanı ilk dəfə “Şəfqət xidməti” təşkil edib. Xüsusən döyüş bölgələrində əsgərlərə yardım göstərən ingilis şəfqət bacısı əlində hər zaman lampa tutduğu üçün tarixdə “lampalı qadın” olaraq anılıb və müasir tibb bacısı peşəsinin əsasını qoyub. Sonralar F.Haytingel öz xatirələrində tibb bacısı olmasının səbəbini belə şərh edir: “Tanrı mənimlə danışdı və məni xidmətinə çağırdı. İnsanlara xidmət etməyin ən doğru yolunun tibb bacısı olmaqdan keçdiyinə qərar verdim”.

Bu gün Tibb Bacılarının Beynəlxalq Məsləhət Şurası dünyanın 130 milli assosiasiyasından olan 27 milyon mərhəmətli peşə sahibini öz ətrafında birləşdirir.

Statistik rəqəmlər göstərir ki, tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onların üzərinə böyük vəzifə düşür.

Xatırladaq ki, ilk azərbaycanlı şəfqət bacısı General Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya olub. O, Birinci Dünya müharibəsi başlayanda yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Rusiya imperiyasının Qırmızı Xaç Cəmiyyətinin sədri seçilib.

Nigar xanımın başçılıq etdiyi xəstəxana məşhurlaşaraq “Şıxlinski xəstəxanası” kimi tanınıb. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinə də rəhbərlik edib. 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə təsis edilən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”nin təşkilatçısı məhz N.Şıxlinskaya olub.

Azərbaycanlı tibb bacıları I Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində təcrübə və peşəkarlıqları, özlərinin ən üstün şəxsi keyfiyyətləri və qətiyyətləri ilə yaxından iştirak ediblər, ön cəbhədə yaralı əsgərlərə tibbi yardım göstəriblər.

Bu gün akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (ECM) 17-si böyük tibb bacısı olmaqla, ümumilikdə 251 nəfər tibb bacısı çalışır.

Beynəlxalq Tibb Bacısı Günü münasibətilə onları ECM-in direktoru professor Rauf Ağayevin və çoxsaylı kollektivi adından təbrik edir, nəcib, humanist, şəfqətli fəaliyyətlərində uğurlar arzulayırıq.