Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini təcəssüm etdirir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (ECM) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və Yeni ilə həsr olunan tədbir keçirilib.

Təbrik nitqi ilə çıxış edən ECM-in direktoru, professor Rauf Ağayev yola saldığımız ilin Azərbaycan xalqı üçün yaddaqalan əhəmiyyətini qeyd etdi. O, çıxışında qeyd edib ki, 44 günlük müharibədə Ali Baş Komandan Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə qalib gələn ordumuzun 2023-cü ilin sentyabr ayında dövlətimizin ərazi bütövlüyünü bərpa edib. Bu qələbə ilə Azərbaycanın beynəlxalq arenada  mövqeyi möhkəmlənib, nüfuzu daha da yüksəlib.

Dünya Azərbaycanlıların Həmrəyliyi Gününün əhəmiyyətindən söz açan Rauf Ağayev bu bayramın milli birliyi, Azərbaycana məhəbbəti, milli-mənəvi dəyərlərimizə hörməti, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirdiyini vurğulayıb: “Vətən müharibəsində qazandığımız, tariximizə qızıl hərflərlə yazılmış qələbəbizim həmrəyliyimizin, güc birliyimizin, bir yumruq ətrafında birliyimizin bariz nümunəsidir” .

Bayram tədbirində Türkiyə Cümhuriyyətindən  qonaqlar da iştirak edirdilər. Ankara Universitetinin professoru İsmayıl Balık çıxış edərək Azərbaycan xalqına və ECM-in kollekitivinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn 2024-cü il münasibətilə ən səmimi diləklərini çatdırdı. 2024-cüilin bütün bəşəriyyətə və ölkələrimizə sülh, xoşbəxtlik gətirməsini arzuladı.

Professor İ.Balık, həmçinin gələn ilin aprel ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, ECM-in, Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin, Milli Onkologiya Mərkəzinin, Azərbaycan Tibb Universitetinin, Avrasiya Qastroenteroloqlar Assosiasiyasının, Türkiyə Respublikasının Hepato Bilio Pankreatologiya və Qaraciyər Araşdırmaları assosiasiyalarının birgə təşkilatçılığı ilə Bakı şəhərində keçiriləcək XX Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresinin və XX Beynəlxalq Hepatoqastroenterologiya Konqresinin yüksək səviyyədə keçiriləcəyindən, dünya səhiyyəsinə və tibb elminə dəyərli töhfələr bəxş edəcəyindən əminliyini bildirdi.

Daha sonra tədbir konsert proqramı ilə davam etdi.

Akademik M.A.Topçubaşov adına ECM-in rəhbərliyi bir daha mərkəzin bütün əməkdaşların Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və Yeni il bayramaı münasibəti ilə təbrik edir!

Bayramlarınız mübarək!