Kubalı qonaqlar Elmi Cərrahiyyə Mərkəzində olublar

İyunun 15-də akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (ECM) Kuba Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon, ölkəmizdə səfərdə olan Kuba İctimai Səhiyyə Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan ECM-in direktoru professor Rauf Ağayev ölkələrimiz arasında səhiyyə sahəsində uğurla davam edən dostluq münasibətlərinin əhəmiyyətini vurğulayıb. Habelə rəhbərlik etdiyi qurumun strukturu, kliniki və elmi fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Qonaqları maraqlandıran suallar cavablandırılıb.

Mərkəzin bəzi şöbələrində olan qonaqlar burada aparılan praktiki fəaliyyətlə, müalicə prinsipləri ilə yaxından tanış olublar. Qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən qonaqlar qarşılıqlı əməkdaşlığın gələcəkdə də faydalı nəticələr verəcəyindən əmin olduqlarını diqqətə çatdırıblar.