Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ulu öndərin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirib

Bu gün Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransI keçirilmişdir.

Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Həmçinin iştirakçılar görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüblər.

Açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sədrinin müşaviri Nelli Veyisova, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov çıxış edərək Ümumilli Lider Heydər Əliyevin Azərbaycan tibb elminin inkişafına verdiyi töhfələrdən söz açıblar. Ulu Öndərin “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra isə sovetlər ittifaqının, SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm…” – fikrini xatırladaraq onun rəhbərliyi ilə ölkəmizdə səhiyyə quruculuğu ilə əlaqədar görülən çoxsaylı kompleks tədbirlərdən, bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasından, Azərbaycan tibb elminin dünyaya inteqrasiyasından danışdılar. Natiqlər bir daha vurğuladılar ki, səhiyyəmizin inkişafı yolunda Heydər Əliyevin gördüyü işlər öz dəyəri, böyüklüyü ilə əvəzsizdir.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndərin əhalinin sağlamlığının qorunması naminə apardığı dövlət siyasəti və müəyyənləşdirdiyi kurs bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahədə fəaliyyəti sayəsində Azərbaycan səhiyyəsi son 20 il ərzində böyük inkişaf yolu keçib.

Tədbirdə çıxış edən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin professoru Rustam Baxtiozin, A.Sızqanov adına Qazaxıstan Milli Elmi Cərrahiyyə Mərkəzinin Rekonstruktiv və plastik mikrocərrahiyyə şöbəsinin müdiri Mismil Muradov və digər xarici qonaqlar ölkəmizdə müasir səhiyyənin, tibb elminin çağırışlarına cavab verən mötəbər konfransın keçirilməsinə görə məmnun qaldıqlarını ifadə ediblər. Elmi-praktiki konfransın proqramında yer alan məruzələrin elmi-ictimai əhəmiyyətini vurğulayıblar.

Beynəlxalq konfransda, həmçinin Rusiya Elmlər Akademiyasının müxbir üzvü, N.V.Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutunun direktoru, kəllədaxili qanaxmaları

olan xəstələrin neyromonitorinqi və intensiv terapiyası sahəsində tanınmış alim Sergey Petrikovun iştirakçılara ünvanladığı təbrik məktubu diqqətə çatdırılıb.

Sonra Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.

Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktiki konfrans öz işini plenar sessiyalarla davam etdirib.