44 günə fəth olunan ZƏFƏR ZİRVƏSİ

8 Noyabr — Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən və ən əzəmətli günlərindən biridir: “Son 200 il ərzində daim parçalanan, ərazilər itirən Azərbaycan ilk dəfə olaraq ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Torpaqlarımızın azad edilməsi hər zaman dövlət siyasətinin əsasını təşkil edib. Dövlətimizin xarici siyasətində, ölkələrlə münasibətlərində ərazi bütövlüyü məsələsi münasibətlərimizin əsasını, mahiyyətini təşkil edib.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müddət ərzində Azərbaycan xalqı ilə yanaşı, bütün dünya ermənilərin nə qədər vandal, vəhşi xislətə malik olduqlarının bir daha şahidi oldu. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verirdi. Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan terror aktları törətdi. Üstəlik bu hadisələrin qadağan olunmuş silahlar vasitəsilə həyata keçirilməsi düşmənin azğınlığını iki qat artırırdı.
Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və Böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi.

Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. İşğal edilmiş Fizuli, Cəbrayıl, Hadrud, Zəngilan, Qubadlı, Ağdərə və Laçın rayonlarının bir neçə kəndi erməni qəsbkarlarından təmizləndi. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Noyabrın 8-də Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin təntənəsi oldu: Şuşanın azad edilməsi ilə Qarabağdakı terrorçuların Ermənistanla əlaqəsi kəsildi və mühasirəyə düşdülər. Bunu anlayan Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiyaya gedərək noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli Bəyanatı imzaladı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Əldə etdiyimiz Qələbə Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunu yüksəltdi. Qələbədən sonra Azərbaycan dövlətinin rəhbəri, Ali Baş Komandan İlham Əliyev çox cəsarətli addımlar atdı. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Növbəti addım Laçında sərhəd-keçid məntəqəsinin qurulması oldu. Ordumuz bu 2023-cü il sentyabrın 19-da 24 saat ərzində antiterror tədbirləri həyata keçirərək separatçıların tör-töküntülərini məhv etdi. Bununla da Azərbaycan Ordusu Xocalı, Ağdərə, Əsgəran və Xankəndiyə nəzarəti təmin etdi və suverenliyimiz təmin olundu. İndi Azərbaycanın hər bir guşəsində üçrəngli Bayrağımız dalğalanır.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirir: “Əziz Şuşa sən azadsan! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən, bu münaqişənin — Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.

30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Yaşasın Ali Baş Komandan!

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!