Azərbaycana fəda edilmiş şərəfli ömür

Azərbaycan xalqı Heydər Əliyevi yalnız bir dövlət xadimi deyil, həm də əzmkarlıq, müdriklik, uzaqgörənlik və xalqa bağlılığın canlı təcəssümü kimi xatırlayır. O, xalqın inam və güvən yerinə çevrilmişdir və Azərbaycan tarixinə “müstəqilliyin qurucusu” və «Ulu Öndər» kimi daxil olmuşdur.

Onun şüarı olan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri isə hər bir azərbaycanlının qəlbində əbədi yaşayır. Heydər Əliyev, Azərbaycan Respublikasının Ümummilli Lideri və müasir Azərbaycanın qurucusu olaraq, həm milli, həm də beynəlxalq siyasətdə mühüm rol oynamışdır.

Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə təyin olunmuş və 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə qədər yüksəlmişdir. Bu dövrdə o, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, sənaye və kənd təsərrüfatını gücləndirmək istiqamətində mühüm addımlar atmışdır. H. Əliyevin idarəetmə bacarığı, Sovet İttifaqının siyasi strukturunda yüksək mövqelərə çatmasına səbəb olmuşdur. O, həmçinin milli maraqları qorumağa və Azərbaycan elmini inkişaf etdirməyə çalışmışdır. Ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında qeyri-adi yaddaşında, tükənməz səbrində müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyəyində, müdrikliyində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək  gücünə malik olması idi. Dünya tarixi sübut etdiki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Belə olmasaydı, xarizmatik şəxsiyyət, fenomenal siyasətçi olan Heydər Əliyev Azərbaycan  müstəqilliyini itirmək, daxildən parçalanmaq təhlükəsi yaşayanda, onu siyasi böhrandan, xarici təhlükələrdən xilas edə bilməzdi. Heydər Əliyev Azərbaycanın başı üzərində qara buludları dağıtdı. Ölkəni parçalamaq istəyən xarici qüvvələrə yerini göstərdi. Azərbaycanı dəhşətli faciələrdən qorudu və adını tarixin səhifələrinə xilaskar, əsl lider kimi yazdırdı. İnam və etimad onu Azərbaycanın rəhbəri kürsüsünə yenidən qaldırdı.

Məhz Ulu Öndərin ikinci dəfə xilaskarlıq missiyası ilə hakimiyyətə dönüşündən sonra Azərbaycanda bütün atributlara malik güclü dövlətin formalaşması prosesinə start verildi. Hakimiyyətə ilk gəldiyi gündən Heydər Əliyevin ən önəmli missiyası milli sabitlik və təhlükəsizlik məsləsini həll edərək  vətəndaş müharibəsinin qarşısını almaqla daxili sabitlik yaratmışdır.

Heydər Əliyev Qafqaz regionunun siyasi xəritəsində balanslı və uzaqgörən siyasəti ilə diqqət çəkmişdir. O, beynəlxalq səviyyədə Azərbaycanın müstəqilliyini möhkəmləndirərək, onu dünya siyasətində əhəmiyyətli oyunçuya çevirmişdir. H.Əliyevin enerji siyasəti regionda geosiyasi qüvvələr balansını dəyişmişdir. Azərbaycanın neft-qaz ehtiyatlarını beynəlxalq bazara çıxarmaq üçün “Əsrin müqaviləsi”ni imzalayaraq (20.09.1994) Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını qoymuşdur.

Heydər Əliyev, Azərbaycan xalqının Ümummilli Lideri, ölkəmizin müasir dövrünün memarı olaraq, səhiyyə sahəsinin inkişafına da xüsusi önəm vermişdir.

Ulu Öndər Heydər Əliyev səhiyyəni dövlətin prioritet sahələrindən biri elan etmiş və bu sahəyə dövlət qayğısını gücləndirərək səhiyyəni dövlət siyasətinin mərkəzinə çəkmişdir. Onun rəhbərliyi dövründə çoxsaylı tibb müəssisələri inşa edilmiş, mövcud olanlar isə yenidən qurulmuşdur. Heydər Əliyev tibb kadrlarının hazırlanmasına xüsusi diqqət yetirmiş, tibb universitetinin maddi-texniki bazasını gücləndirilmişdir.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini gücləndirmişdir. Heydər Əliyevin irsi bu gün də aktuallığını qoruyur və Azərbaycan xalqı üçün bir yol göstəricisi olaraq qalır. İlham Əliyev Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı kimi Azərbaycanın inkişafına böyük töhfələr verib. 44 günlük müharibədə qazanılmış Qələbənin  təməlində isə  Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət, ölkə Prezidenti cənab  İlham Əliyevin iqtisadi yüksəlişə  yönəlmiş dövlətçilik məfkurəsi,  sarsılmaz siyasi iradəsi və ordu quruculuğuna sərf etdiyi illərin zəhməti dayanıb. İlham Əliyev atasının müəyyənləşdirdiyi strateji xətti davam etdirərək ölkənin müstəqilliyini möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və iqtisadi-sosial sahələrdə geniş islahatlar həyata keçirməkdə davam edir.

Ruhun şad olsun Ümummili Lider, Ulu Öndər!
Qarabağ Azərbaycandır!

“Akademik M.A.Topçubaşov adına
Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsin
direktoru  Rauf Ağayev