Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda etmiş Şəhidlərimizi dərin ehtiramla yad edirik
Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (ECM) Publik Hüquqi şəxsdə 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib. Öncə vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən ECM-in direktoru, professor Rauf Ağayev bildirdi ki Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz kədərli günləri qürurlu günlərlə əvəz etdi. 27 sentyabr Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin Anım Günü olması ilə bərabər, həm də Zəfər gününün başlanğıcıdır.
Prezident İlham Əliyevin rəhbərliyi altında, Ordumuzun gücü, xalqımızın birliyi, əsgər və zabitlərimizin qanı-canı bahasına torpaqlarımız işğaldan azad olunub. Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərib.
Rauf Ağayev çxışında vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsinin hər günü müasir dövlətçilik tariximizin fəxarətli səhifələridir. Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.
Sonda Anım tədbiri Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün ECM-in həyətində ucaldılmış abidənin önündə davam edib. Abidə önünə gül çələngi-əklil qoyuldu. Allah şəhidlərimizə rəhmət eləsin.
Uca yaradan Azərbaycan xalqını qorusun!
Yaşasın müzəffər Azərbaycan ordusu!
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!