Bu gün Ümumdünya Hepatitlə Mübarizə Günüdür
Artıq 13 ildir ki, iyulun 28-i bütün dünyada Hepatitlə Mübarizə Günü kimi tanınır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu tarixi hepatitə qarşı milli və beynəlxalq səyləri gücləndirmək, fərdləri, tərəfdaşları və ictimaiyyəti hərəkətə və əməkdaşlığa çağırmaq üçün mühüm fürsət kimi dəyərləndirir. Xatırldaq ki, “ÜST-ün 2017-ci il Qlobal Hepatit Hesabatı”nda da hepatitlə mübarizədə dövlətlərin, xalqların güclərinin və səylərinin qlobal səviyyədə gücləndirilməsi zərurəti xüsusilə vurğulanır.
Hər bir insanın yalnız bir həyatı və bir qaraciyəri var. Hepatit hər ikisini də məhv edə bilər.
Nəzərə alınmalıdır ki, qaraciyərimiz hər gün 500-dən çox həyati əhəmiyyət daşıyan funksiyanı yerinə yetirir.
Sürətlə artan xəstəliklər qrupuna aid edilən hepatit virusu nəzərə çarpmadan orqanizmə nüfuz edir və simptomları yalnız xəstəliyin sonrakı mərhələlərində özünü biruzə verir. ÜST-ün hesablamalarına görə hər gün təxminən 8000 insanı yoluxduran çoxsaylı növləri arasında ən təhlükəlisi, hepatit B və C viruslarıdır. Mütəxəssislərin qənaətincə, bu infeksiyalara yoluxma hallarının əksəriyyəti aşkar edilməmiş qalır. Nəticədə hər il hepatitdən bir milyondan çox insan ölümü, həmçinin hər on saniyədə xroniki infeksiyanın inkişafıhadisəsi baş verir.
“Səssiz qatil” adlandırılan hepatit C xəstəliyi əksər hallarda səssiz və lal gedişi ilə müşahidə edilir. Aktiv hepatit C keçirən xəstələrin 15-20 faizi tamamilə normal vəziyyətə qayıtsa da, xəstələrin çoxunda hepatit C virusu qandan təmizlənmir və xroniki hala çevrilir. Yoluxanların təxminən 20 faizində qaraciyər serozu, hətta 40 yaşdan yuxarı xəstələrdə hepatit C mənşəli xərçəng müşahidə olunur.
Bütün bunları nəzərə alan ÜST hepatit B virusunu kəşf edən, ona qarşı yaratdığı ilk vaksinə görə Nobel mükafatına layiq görülən professor Barux Blumbergin doğum gününü – iyulun 28-ni Ümumdünya Hepatitlə Mübarizə Günü kimi qeyd etməyi qərarlaşdırıb.
Bu gün hepatit B üçün peyvəndlər və effektiv müalicə üsullarından, hətta hepatit C-ni tamamilə sağalda bilən dərmanlardan istifadə etməklə bu virusun səbəb olduğu çox sayda ölüm hallarının qarşısını almaq mümkündür. Beləliklə, müasir tibb elminin nailiyyətlərinə əsaslanaraq özünüzü və yaxınlarınızı qoruya bilərsiniz.