Elmi Cərrahiyyə Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı qeyd olunub
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” püblik hüquqi şəxsdə Yasamal rayon icra hakimiyyəti, YAP Yasamal rayon təşkilatının iştirakı ilə 17 iyun Tibb İşçilərinin Peşə bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Yasamal rayon icra hakimiyyəti başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, ECM-nin direktoru Rauf Ağayev, Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitunun Elmi işlər üzrə prorektoru Əli Meybəliyev, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxova, Milli Onkologiya Mərkəzinin Baş həkimi Azad Kərimli, ECM-nin əməkdaşları, Yasamal rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının əməkdaşları və Yasamal rayon Tibb müəssisələrinin rəhbər nümayəndələri iştirak edirdi.
Tədbirin rəsmi hissəsindən əvvəl Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ümummilli lider Heydər Əliyevin büstü ziyarət olunaraq, önünə gül dəstələri qoyuldu, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anıldı.
Tədbirdə Dövlət Himni səsləndirildi. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra 17 İyun -Tibb işçilərinin peşə bayramı gününə həsr olunan videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də, öz bəhrəsini vermiş, səhiyyənin səmərəsinin yüksəldilməsi və intensivləşdirilməsi üçün müvafiq baza yaradılmış, beynəlxalq əlaqələr genişləndirilmişdir. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Natiq öz çıxışında qeyd etdi ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur.
Çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, hər il 17 iyun tarixində Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderin 4 iyun 2001-ci ildə imzaladığı sərəncamı ilə Respublikada 17 iyun Tibb işçilərinin Peşə Günü elan olundu. Həm I Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsi dövründə həkimlər fəal iştirak etmiş, onlardan 44 tibb işçisi-11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı qəhrəmancasına şəhid olmuş və 159 hərbi tibb işçisi isə yaralanaraq qazi olmuşdur.
ECM-nin direktoru professor Rauf Ağayev isə öz çıxışında qeyd etdi ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsi olmuşdur. Hələ Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyə başladığı zaman ulu öndər Heydər Əliyev üçün ən vacib sahələrdən biri insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması məqsədilə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi.
44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Azərbaycan Xalqının Milli Qurtuluş Günündən götürür. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi, və bu arzu Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən həyata keçirildi.
44 günlük Vətən müharibəsi zamanı məhz ECM-nin həkim – cərrahları və anestezioloqları döyüş bölgələrində, səhra hospitallarında yaralılarımıza tibbi xidmət göstərmişlər . Müharibə zamanı Mərkəzə daxil olan ağır yaralılar məhz cərrahlarımız tərəfindən həyata qaytarılmışlar.
Natiq çıxışında qeyd etdi ki: “Qürur və fərəhlə qeyd etmək istəyirəm ki, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi və Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmirdən çıxan Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi bu gün vətəndaşlara tam müasir dünya standartlarına cavab verən tibbi xidmət göstərir.
Bu gün biz öz ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş müstəqil, süveren Azərbaycan Respublikasının səhiyyə işçiləri olaraq Milli Qurtuluş Gününü və Tibb İşçilərinin Peşə Bayramı Gününü qəlbləri riqqətə gətirən xüsusi sevinc və fəxarətlə qeyd edirik.
Cənab Prezidentin təbirincə desək, “insanlaırn sağlamlığı bizim üçün birinci dərəcəli məsələdir””.
Ulu öndərin adını və mənəvi irsini yüksək səviyyədə daşıyan Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.
Bu gün ölkəmiz işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin böyük bir hissəsi müasir dünya standartlarına cavab verən innovativ səhiyyə infrastrukturunun yaradılmasını özündə əks etdirir.
Tədbir Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Kardiocərrahiyyə üzrə elmi şöbənin rəhbəri professor Fazil Abbasov və Yoğun və Düz bağırsaq cərrahiyyə şöbəsinin müdiri Nərgiz Məmmədovanın çıxışları ilə davam etmişdir. Çıxışlarda ölkəmizin səhiyyə sahəsində əldə etdiyi uğurlardan və bu uğurların əldə olunmasında ümummilli lider Heydər Əliyevin, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna fəaliyyətlərindən bəhs edilib.
Çıxışlardan sonra bir qrup səhiyyə sahəsində çalışan həkimlərə 17 iyun-Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə fəxri fərman, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilmişdi.