Elmi Cərrahiyyə Mərkəzinin Elmi şurası mühüm məsələləri müzakirə edib
Bu gün akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) Elmi şurasının növbəti iclası keçirilib. Tədbirdə ECM-in Elmi şurasının üzvləri, elmi işçiləri və aidiyyəti üzrə dəvət olunmuş şəxslər iştirak ediblər.
Elmi şura əvvəlcə ECM-in elmi işçilərinin 2022-ci ilin ikinci yarısından bu günədək apardıqları elmi tədqiqat işlərinin hesabatını dinləyiblər. İclasda qeyd olunub ki, hesabat dövründə bir problem, bir istiqamət, dörd mövzu üzrə ümumilikdə on dörd iş aparılıb. Məruzəçilər qeyd ediblər ki, əldə edilən elmi nəticələr yerli və xarici jurnallarda, habelə Web of Science və Scopus bazalarında indeksləşən impakt faktorlu məcmuələrdə dərc olunmuş məqalələrdə öz əksini tapıb. Tədbirdə, həmçinin elmi işçilərin ölkəmizdə və xaricdə keçirilən respublika, eləcə də beynəlxalq səviyyəli elmi konfranslarda təqdim etdikləri məruzələrin müasir tibb elminin çağırışlarına cavab verən əhəmiyyətindən bəhs edilib.
Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Daha sonra Elmi şura yekdilliklə elmi işçilərin hesabatlarının qəbul edilməsini qərara alıb.
İclasın gündəliyində yer alan növbəti məsələ ECM-in İnfeksiyaya və müalicəyə nəzarət komissiyasının hesabatı olub. Hesabatı təqdim edən Keyfiyyətə nəzarət şöbəsinin müdiri Günel Məmmədova görülən işlərdən, qarşıda duran problemlərdən bəhs edib.
Tədbirdə, həmçinin ECM-in şöbələrində dərman preparatlarının alınması, saxlanılması və sərfiyyatının cari vəziyyəti barədə Aptek bölməsinin müdiri Günay Kərimova çıxış edib. Çıxış ətrafında ətraflı müzakirələr aparılıb.
Sonda Elmi şura müxtəlif cari məsələlərin həlli istiqamətində geniş fikir mübadiləsi aparıb, müvafiq qərarlar qəbul edib.