M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Lənkəran şəhərində regional elmi-praktiki konfrans keçirmişdir
18-19 noyabr 2022-ci ildə akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Lənkəran şəhərində TƏBİB-in dəstəyi ilə cərrahiyyənin aktual problemlərinə həsr olunmuş regional elmi-praktiki konfrans keçirmişdir. 18 noyabrda keçirilən konfransda Lənkəran şəhərindən başqa Masallı, Cəlilabad, Astara, Yardımlı, Biləsuvar, İmişli rayonlarının cərrah və anestezioloq-reanimatoloqları da iştirak etmişdilər.
Konfransın təşkilat komitəsinin sədri, ECM-nin direktoru, professor R.M.Ağayev toplantı iştirakçılarını salamlayaraq TƏBİB-in dəstəyi ilə aparılan bu tip tədbirlərin vaxtaşırı müxtəlif regionlarda əvvəllər də keçirildiyini, artıq ənənə halı aldığını bildirdi və konfransı açıq elan etdi.
Konfransda Mərkəzin professorları tərəfindən ürək-damar, abdominal və endokrin cərrahlığının, həmçinin anesteziologiya və reanimatologiyanın aktual problemlərini əhatə edən mövzularda çıxışları geniş auditoriya tərəfindən maraqla dinlənilmiş, çıxışlar diskussiya şəklində — sual cavablarla dolğunlaşmışdır.
Növbəti gün, 19 noyabrda Mərkəzin aparııcı mütəxəssisləri-professorları, həmçinin endoskopist və şüa diaqnostika mütəxəssisləri yerli həkimlərlə birgə xəstələrə konsultativ-tibbi xidmət göstərərək müvafiq məsləhətlərini vermişdilər. Tədbir Lənkəran rayon səhiyyəsinin müdiriyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.