M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yaranmasının 60 illiyinə həsr olunan elmi-praktiki konfrans keçirildi
18 iyun 2022-ci il tarixində akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yaranmasının 60 illiyinə həsr olunan elmi-praktiki konfrans keçirildi.
ECM-nin yubileyinə həsr edilmiş konfransda Səhiyyə Nazirliyinin müavini Nadir Zeynalov, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Milli Məclisin deputatları Musa Quliyev, İlham Məmmədov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov, akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru professor Rauf Ağayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, eləcə də Mərkəzdə fəaliyyət göstərən və xaricdən dəvət edilən həkim-mütəxəssislər iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, respublikanın əməkdar həkimi, professor Rauf Ağayev bildirdi ki, hazırda Mərkəz Respublikanın böyük elmi-tədqiqat müəssisələrindən biri hesab edilir və burada ölkədə analoqu olmayan ixtisaslaşdırılmış cərrahi xidmət növləri cəmləşib. Professor R.Ağayev vurğuladı ki, uşaq ürək cərrahlığı, xüsusiləşdirilmiş angioloji mərkəzlər, kardiocərrahiyyə, endokrin cərrahlığı, damar cərrahlığı və s. şöbələr ölkədə yeganə ixtisaslaşdırılmış şöbələrdir. 2011 — ci ildə ECM-nin 50 illiyi ilə əlaqədar tam təmir olunduğunu, müasir avadanlıqlarla təchiz edildiyini, açılışa dövlət başçısının şəxsən özünün gəldiyini minnətdarlıq hissi ilə xatırladı. Natiq belə qayğılı münasibətin bu müəssisənin kollektivini öz üzərinə düşən işləri daha həvəslə yerinə yetirməyə sövq etdiyini vurğulayaraq, göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. Mərkəzin bir elm ocağı kimi gənc həkimlərin, cərrahların yetişməsində müstəsna rolu olduğunu deyən professor R.Ağayev hal — hazırda müəssisədə 119 elmi işçinin, o cümlədən, 26 professorun, 70 tibb üzrə fəlsəfə doktorunun çalışdığını, Vətən müharibəsi dönəmində ECM-nin 35 həkiminin ön cəbhədə hospitallarda fəaliyyəti göstərdiyini, Mərkəzdə 120 qazinin cərrahi əməliyyata və müalicə olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, Mərkəzin həkimləri mütəmadi olaraq regionlara ezam olunaraq həm xəstələrə yardım edirlər, həm də bölgələrdəki həkimlərə öz bilik və bacarıqlarını öyrədirlər.
Daha sonra çıxış edən Səhiyyə nazirinin müavini dosent Nadir Zeynalov akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əvvəllər Milli Elmlər Akademiyasının, sonradan Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərdiyi bütün bu 60 il ərzində çox şərəfli yol keçdiyini qeyd etdi. Mərkəzin sovet dönəmində də Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutu kimi tanınan bir elm ocağı olduğunu bildirdi. Peşəkar tibbi və qeyri-tibbi personalın xidməti sayəsində hər gün onlarla insanın şəfa tapdığını söylədi. Mərkəzdə çalışan təcrübəli həkimlər tərəfindən müasir səhiyyə standartlarına uyğun əməliyyatların icra edildiyini deyən nazir müavini sonra Səhiyyə naziri Teymur Musayevin təbrikini və salamlarını çatdırdı.
Sonra çıxış edən TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva bildirdi ki, 60 illik müddət ərzində akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi fəaliyyəti ilə həmişə seçilən və öndə olan müəssisələrdən biri olub. Y.Qarayeva Mərkəzin əməkdaşları tərəfindən hazırlanan 300-dən çox elmi işin ölkədə və xaricdə nəşr edildiyini diqqətə çatdırıb.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov Azərbaycan səhiyyəsinin özünün yeni inkişaf mərhələsini yaşadığını və son illərdə tibbi xidmətlərin müasir standartlar səviyyəsinə yüksəldiyini, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələlərinin dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutduğunu bildirdi. O, ölkə səhiyyəsinin inkişafında Mərkəzin xüsusi yerinin olduğunu vurğuladı.
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin adından, universitetin müəllim və tələbələri adından tədbir iştirakçılarını salamlayaraq yubiley münasibətilə təbrik edən ATU-nun prorektoru, professor Sabir Əliyev ECM-nin yaxşı tanıdığı həkimləri haqqında öz xatirələrini danışdı.
Konfransda Milli Məclisin deputatları Musa Quliyev və İlham Məmmədov ölkə başçısı İlham Əliyev tərəfindən səhiyyə sisteminə göstərilən diqqət və qayğıdan danışıb, həyata keçirilən islahatların gələcək illərdə səhiyyənin inkişafı üçün əvəzsiz rol oynayacağını qeyd etdilər.
Milli Onkologiya Mərkəzinin direktor müavini t.e.d. Fuad Quliyev Mərkəzin direktoru akademik Cəmil Əliyevin təbrik məktubunu oxudu.
Gürcüstan və Qazaxıstan nümayəndə heyətinin də iştirak etdiyi və çıxışlarının dinlənildiyi tədbirdə Türkiyədən, Tacikistandan, Dağıstan və Özbəkistandan göndərilən təbrik məktubları oxundu.
Tədbirdə Elmi Cərrahiyyə Mərkəzinin fəaliyyəti haqqında qısametrajlı film nümayiş olundu.
Konfransın 2-ci elmi bölməsində — “Kəskin pankreatitin diaqnostika və müalicəsində yeni yanaşmalar”; “Koronar arteriyaların diffuz multilokal zədələnmələri zamanı cərrahi revaskulyarizasiyanin xüsüusiyyətləri”; “Canlı donordan qaraciyərin transplantasiyası”; “Mədə-bağırsaq sisteminin qeyri-varikoz mənşəli qanaxmalarının müalicəsinin müasir prinsipləri”; “Pankreatoduodenektomiya və yeni ikiqat invaginasiya olunmuş pankreatoyeyunostomiyanın klinik tətbiqi”; “Perforant venaların çatışmazlığı zamanı venoz xoraların müalicəsində endovenoz lazer ablasiyasının tətbiqi”; “Laparaskopik qaraciyər rezeksiyasında təcrübəmiz”; “Koloproktoloji cərrahiyyədə müasir yanaşmalar”; “Postinfarkt mədəciklərarası çəpərin defektlərinin cərrahi müalicəsi”; “Ümumi anesteziyanın adekvatlığı kriteriyalarının müqayisəli xarakteristikası”; “Düyünlü urların cərrahi müalicəsinin müasir aspektləri”; “Bağırsaq mikroflorasının öd turşuları ilə qarşılıqlı əlaqəsi və həzm sisteminin müxtəlif xəstəliklərinin etiologiyasında onun rolu”; “Endometriumun xərçənginin müalicəsində müasir endoskopiyanın imkanları”; “Arteriyaların distal okklüziyası fonunda ətrafların kritik işemiyası inkişaf etmiş xəstələrdə sümük iliyidaxili lazer şüalanması ilə revaskulyarizasiyaedici osteotrepanasiyanın regionar qan dövranına təsiri”, “Kolostazdan əziyyət çəkən xəstələrin həyat keyfiyyətinin öyrənilməsi üçün müasir sorğuların təhlili, mövzular üzərində çıxışlar edildi, müzakirələr diskussiya şəklində keçdi.
Sonda akkreditasiya kredit balı – 6 olmaqla sertifikatlar konfrans iştirakçılarına təqdim edildi.