Səhiyyə Nazirliyi akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkimi Nərgiz İmanova: “Cərrahi əməliyyatın keyfiyyətli icra olunması ilə yanaşı, əməliyyatdan sonrakı dövrdə aparılan müalicə də olduqca önəmlidir”
— Nərgiz xanım, ilk öncə bilmək istərdik ki, paraproktit nədir və necə yaranır?
— Düz bağırsaq ətrafındakı piy toxumasında həmin nahiyəyə keçən infeksiya nəticəsində yaranan iltihabi prosesə paraproktit deyilir. Ümumiyyətlə, düz bağırsaq dedikdə, mədə-bağırsaq yolunun ən son hissəsi başa düşülür. Düz bağırsaq özü də bir necə hissədən ibarətdir: yuxarıdan aşağıya doğru — ampulaüstü sahə, yuxarı, orta, aşağı ampulyar hissədən və anal kanaldan ibarətdir.
Bu hissələrin hamısının müxtəlif xəstəlikləri müşahidə olunur. Həmin xəstəliklərin bir qismi nəticəsində bağırsaq divarının iç qatının tamlığı pozulur, yəni zədələnir. Paraproktit həm də bağırsaq divarının, bağırsaqətrafı toxumanın travması nəticəsində də yaranır.
— Hansı hallar paraproktitin yaranmasına səbəb ola bilər?
— Paraproktitin yaranmasına tez-tez müşahidə olunan ishal və qəbizlik, bağırsağın infeksion xəstəlikləri, bağırsaq çöpləri, babasil, düz bağırsağın travmatik zədələnmələri, müalicə olunmayan anal çatlar, kolitlər (proktitlər), Kron xəstəliyi səbəb ola bilər. Eyni zamanda, immunitetin azalması, qeyri-düzgün qidalanma (çox yağlı və acı yeməklərlə qidalanma, spirtli içkilərin həddindən artıq qəbulu), ağır fiziki iş, gigiyenaya düzgün riayət olunmaması, cinsi yolla yayılan infeksiyalar və s. amillər bu xəstəliyi törədiciləridir.
— Paraproktitin xarici dəliklərinin az olması nə qədər əhəmiyyətlidir?
— Paraproktit dəliklərinin optimal yerləşməsi, sayının az olması onun cərrahi üsulla ləğv olunmasını çox asan edir. Xəstə abses yaranmamış, iltihabın ilk mərhələsində həkimə müraciət etsə, bu zaman heç cərrahi əməliyyata ehtiyac yaranmır. Dərman və bir müddət yerli müalicə prosesi dayandırır. Abses yeni formalaşdığı halda həkim absesə ən uyğun hissəsindən müdaxilə edərək, onu boşaldır və prosesin xroniki formaya keçməsinin qarşısı alınır.
— Pararektal abses necə müayinə olunur?
— Pararektal sahə düz bağırsağın əzələ-bağ aparatının bağırsaqətrafı piy toxuması içərisində yerləşməsinə görə bir necə hissəyə bölünür. Abseslər də həmin piy sahələrinə uyğun yerləşir, dəriyə yaxın, ya da dərin, düz bağırsağın sağında, solunda, arxasında, önündə ola bilər.
Yerləşməsinə görə dərialtı, selikli qişaaltı, işiorektal, retrorektal, pelviorektal adlanır. Ən dərinlikdə yerləşən abses pelviorektaldır, çünki çanaq boşluğunda yerləşir. Onun həcmi tez böyüyür, diaqnostikası isə çətin olur. Selikaltı və dərialtı abseslərin diaqnostikasi və əməliyyatı asan keçir.
Digər abseslər rektal baxış, barmaq müayinəsi ilə təyin edilmədikdə, ultrasəs müayiməsi, hətta KT, MRT aparıla bilər. Fistulaların müayinəsi baxış, zond müayinəsi, boyaq maddəsi ilə müayinə, fistuloqrafiya və MRT ilə aparıla bilər.
Əməliyyata gəlincə, ən yaxşı variant absesi optimal yerdən açmaq, əgər fistula varsa, onu mümkün qədər tamamilə aradan qaldırmaqdır.
— Bəzən xəstələr əməliyyatdan imtina edirlər. Buna səbəb kimi xəstəliyin təkrarlanacağını göstərirlər…
— İstər kəskin, istər xroniki paraproktit, yəni pararektal fistullar təkrar olunan xəstəlikdir. Xəstənin özünəqulluq qaydalarına necə riayət etməsi burda əsas rol oynayır. Natəmizlik, gündəlik defekasiyanın tənzimlənməməsi, pəhrizə rayət olunmaması, paraproktitə səbəb olan xəstəliklərin vaxtında cərrahi müalicə olunmaması kəskin və xroniki paraproktitin yaranma riskini artırır.
Cərrahi əməliyyatın keyfiyyətli icra olunması ilə yanaşı, əməliyyatdan sonrakı dövrdə aparılan müalicə və qulluq qaydaları da olduqca önəmlidir.