Zəfər Günü və Dövlət Bayrağı Günü təntənəli qeyd olunub
Bu gün Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (ECM) 8 Noyabr– Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
Öncə vətən uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən ECM-in direktoru, professor Rauf AğayevZəfər gününün və Dövlət Bayrağı günün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarını xatırladıb, onların tarixi əhəmiyyətindən söz açıb.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də söylədiyi kimi, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Qarabağ, Şərqi Zəngəzur və Qarabağın tacı sayılan Şuşa şəhərini işğaldan azad edib.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilib” – deyə məruzəçi diqqətə çatdırıb.
Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa olunaraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib.
Cənab İlham Əliyevin 2009-cu ilin noyabr ayının 17-də imzaladığı “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən, hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı günü kimi təntənəli qeyd olunur.
Tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Daha sonra bayram tədbiri Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün ECM-in həyətində ucaldılmış abidənin önündə davam edib. ECM-in kollektivi Ali Baş Komandan, Azərbaycan ordusu və Azərbaycan xalqının birliyinin təcəssüm etdirən abidənin önünə əklil və gül dəstələri düzüblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, Müzəffər Ali Baş Komandana, qalib ordumuza uzun ömür, can sağlığı, bütün qazilərimizə şəfa versin, Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik.
Uca yaradan Azərbaycan xalqını qorusun!
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!
Yaşasın müzəffər Azərbaycan ordusu!