Zəfər Tariximiz
Noyabrın 7-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (ECM) Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün ECM-in həyətində ucaldılmış abidənin önündə başlayıb. ECM-in kollektivi Ali Baş Komandan, Azərbaycan ordusu və Azərbaycan xalqının birliyinin təcəssüm etdirən abidənin önünə əklil və gül dəstələri düzüblər.
Öncə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan ECM-in direktoru professor Rauf Ağayev Vətən müharibəsində qazanılmış Qələbənin nəticəsi olaraq Azərbaycanın üçrəngli bayrağının azad edilmiş ərazilərində qürurla dalğalandığını bildirdi.
Professor Rauf Ağayev, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan ordusunun qazandığı tarixi qələbədən söhbət açaraq, İkinci Qarabağ müharibəsində əldə olunmuş zəfərin ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümüdür.
O, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin tarixinin ən şanlı günlərini yaşadığını vurğuladı. 44 günlük müharibə Qarabağın azadlığı uğrunda aparılmış qəhrəmanlıq salnaməsidir. Tarixi zəfərimiz Azərbaycan xalqının qürur mənbəyidir. Bu müharibə Azərbaycan Səhiyyəsinin tibbi təminatının yüksək səviyyədə olduğunu da, Azərbaycan həkiminin fədakarlığını da təsdiqlədi. Döyüş əməliyyatlarında Müzəffər ordumuzun döyüş hazırlığı ilə yanaşı, onun təchizatı, maddi-texniki və tibbi təminatı, sosial-məişət şəraitinin yaxşılaşdırılması da mühüm rol oynamışdır. Müharibə zamanı ECM-in fəaliyyətinin əvəzsiz oldğunu qeyd edərək, yaralı hərbi qulluqçulara peşəkar tibb işçiləri tərəfindən yüksək diqqət və qayğı göstərilmişdir.
Tədbiri çıxış sözü ilə davam edən elmi işlər üzrə direktor müavini İlham Kazımov8 noyabr tarixinin böyük, şərəfli və qürurlu gün olduğunu deyərək müharibənin gedişi haqqında qısa məlumat verdi. Xüsusi olaraq 2023-cü il antiterror əməliyyatının nəticəsində üçrəngli Bayrağımızın Azərbaycanın hər bir guşəsində dalğalandığını vurğuladı. Vətən müharibəsində hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazdığını və müharibə zamanı 159 hərbi tibb işçisinin yaralandığını bildirdi. II Qarabağ müharibəsində 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Həlak olmuş tibb işçilərindən 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır. Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da tibb işçisi olmuşdur. İ.Kazımov 44 günlük muharibə zamanı ECM-in həkimlərinin səhra hospitallarında və bölgə xəstəxanalarındakı fəaliyyəti haqqqında məlumat verdi. Döyüşlərdə yaralanaraq bir-başa ECM-ə müraciət edən yaralı hərbçilərimiz professor və aparıcı mütəxəsisslərin sayəsində müalicə olunub, sağ-salamat evə yazılmışdılar.
Tədbir ECM-in Anesteziologiya, reanimatologiya və intensiv terapiya üzrə elmi şöbəsinin rəhbəri F.Həsənov, Qaraciyər, öd kisəsi, mədəalti vəzinin cərrahlığı şöbəsinin böyük elmi işçisi Y.Əliyev, Həmkarlar İttifaqının sədri C.Kosayevin çıxışları ilə davam etdi. Çıxışlarda 44 günlük müharibə zamanı ECM-in kollektivinin fəaliyyəti haqqında qeydlər edilib.
Tədbirin sonunda ECM-in rəhbərliyi bir daha Zəfər bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib, bu Zəfəri bizə yaşadan, öz canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!