Akademik Ağayev Böyükkişi Ağa oğlu
AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, t.e.d.,professor Böyükkişi Ağa oğlu Ağayev 1928-ci ildə Zərdab rayonunda anadan olmuşdur. 1949-cu ildə ATİ-nin müalicə-profilaktika fakültəsini bitirdikdən sonra akademik M. Mirqasımovun rəhbərlik etdiyi hospital cərrahlıq kafed- rasında təkmilləşdirmə kursuna göndərilir. Sonra 5 il Sabirabad RMX-da cərrah işləyir.
Akademik B.A.Ağayev 1954-1957-ci illərdə N.N.Piroqov adına II Moskva Tibb İnstitutunda aspirantura keçmiş, 1957-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Sonra Həştərxan Tibb İnstitutunun cərrahlıq kafedrasında assistent işləmişdir. 1960-67-ci illərdə Azərbaycan ET Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunun baş elmi işçisi olmuşdur. 1966-cı ildə Moskvada doktorluq dissertasiyasi müdafiə etmişdir.
1967-ci ildə ATİ-nin II Hospital cərrahlıq kafedrasnın professoru seçilir. 1972-ci ildən isə həmin kafedraya rəhbərlik edib.
1988-ci ildə ET Qastroenterologiya İnstitutunun direktoru, 1999-cu ildən 2018-ci ilədək akademik M.Topçubaşov adına Elmi Tədqiqat Kliniki Təbabət İnstitutuna (2007-ci ildən — Elmi Cərrahiyyə Mərkəzi) rəhbərlik edib.
1979-cu ildə Respublikanın “Əməkdar elm xadimi”, 1980-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Azərbaycan respublikasının “Şöhrət ordeni” ilə və dəfələrlə Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir.
Akademik B. A. Ağayev Azərbaycan Cərrahlar və qastroenteroloqlar Cəmiyyətinin sədri olmuşdur. O, eyni zamanda Beynəlxalq Avrasiya Cərrah və Qastroenteroloqlar Cəmiyyətinin vitse-prezidenti, Avropa Cərrahlar Cəmiyyətinin üzvü idi. Uzun müddət O, respublikanın baş cərrahı olmuşdur. Onun rəhbərliyi altında 7 tibb elmlər doktorluğu və 50-dən çox tibb üzrə fəlsəfə doktorluğu dissertasiyaları müdafiə olunmuşdur; 6 ixtiranın, çoxsaylı səmərələşdirici təkliflərin, 9 monoqrafiyanın, 300-dən çox elmi məqalələrin və cərrahiyyə üzrə dərsliklərin, 3 cildlik Cərrahiyyə atlasının müəllifidir.
Böyükkişi müəllim Şəfqət” qəzetinin (1991-ci il) təsisçisi, “Cərrahiyyə” jurnalının isə baş redaktoru olmuşdur. Onun yaratdığı cərrahlıq məktəbinin yetirmələri hal hazırda da respublikanın aparıcı tibb müəssisələrinə və xəstəxanalarına rəhbərlik edir, ölkə səhiyyəsininin inkişafında fəal iştirak edir, elmi praktiki fəaliyyətlərini uğurla və layiqli davam etdirirlər.