Quba şəhərində cərrahiyyənin aktual problemlərinə həsr olunmuş regional elmi-praktik konfrans keçirildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil” proqramı çərçivəsində keçirilən elmi-praktiki konfransların əhəmiyyətini nəzərə alaraq akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi regionlarda vaxtaşırı bu səpgidə tədbirlər keçirir. Belə ki, “Azərbaycan Cərrahlar və Qastroenteroloqlar” İctimai Birliyi, akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Quba Müalicə Diaqnostika Mərkəzinin təşkilatçılığı ilə 15 mart 2019-cu ildə Quba şəhərində “Cərrahiyyənin aktual problemləri”nə həsr olunmuş regional elmi-praktiki konfrans keçirilmişdir. Tədbirdə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının, həmçinin Elmi Cərrahiyyə Mərkəzinin ümumi cərrahlar, qastroenteroloqlar, anestezioloq və reanimatoloqlar, kardioloqlar, endokrinoloqlar və terapevtlər kimi həkim-mütəxəssisləri iştirak etmişdilər.
Konfransı giriş sözü ilə açan akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev ölkə Prezidentinin xalqımızın sağlam həyat tərzi və rifah halının yüksəldilməsi prinsiplərini daima diqqət mərkəzində saxladığını xüsusi vurğulayaraq, bu siyasətin tibb işçiləri tərəfindən hər zaman dəstəkləndiyini söylədi. Bu baxımdan paytaxtda çalışan aparıcı tibb mütəxəssislərinin rayonlarımızın həkimləri ilə vaxtaşırı təcrübə mübadiləsi keçirmələri, əhaliyə yerində konsultasiyalar etmələri böyük əhəmiyyət daşıyır. Səhiyyə Nazirliyinin tövsiyəsi ilə bu səpgidə keçirilən konfransların əhaliyə tibbi yardımın yaxşılaşdırılması istiqamətində müxtəlif ixtisaslı həkimlərin bilik və peşə bacarıqlarının artırılmasında böyük rol oynayadığını natiq öz çıxışında bildirdi.
Sonra akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin aparıcı mütəxəssisləri − prof. Ə.Ə.Məmmədov, prof. F.X Saidova, prof. N.S.Abışov, t.ü.e.d. E.A.Rüstəmov, t.ü.e.d. F.C.Həsənov, t.ü.e.d. Z.T.Şirinov və t.ü.f.d. İ.C.Heybətov tərəfindən həzm traktının, endokrinologiyanın, ürək-damar sistemi və anesteziologiya-reanimatologiyanın aktual problemlərini özündə əhatə edən maraqlı məruzələr konfrans iştirakçılarına çatdırılmışdır. Müzakirələr diskussiya şəklində geniş auditoriyanın iştirakı ilə başa çatmış, sonda iştirakçılara sertifikatlar təqdim edilmişdir.