“Hyatt Regency” otelində Respublikamızda ilk dəfə olaraq I endokrin cərrahlığı konfransı keçirildi

Bu gün artıq Azərbaycan Endokrinologiyasının tarixinə yazıldı. Əslində Respublikada çoxdan gözlənilən bir tədbir idi. Konfrans professor,  əməkdar elm xadimi Fikrət Mir-Mehdi oglu Mirsəlimovun  90 illiyinə  həsr olunmuşdur. Konfransı akad M.A.Topçubaşov adına ECM direktoru professor R.M.Agayev  Respublikada endokrinologiyanın və endokrin cərrahlıgının inkişafından danışaraq açdı. Azərbaycanda endokrin cərrahlıgının yaranması akademik Zülfüqar Məmmədovun adı ilə baglıdır. 1967-ci ildən, onun vəfatından sonra isə, Azərbaycanda endokrin cərrahlıgının inkişafı tamamilə professor F.M.Mirsəlimovun çiyinlərinə düşdü. 1973-cü ildə ETKETİ açılanda, Respublikamızda ilk dəfə onun tərkibində endokrin cərrahlıgı şöbəsi yaradıldı. Bu şöbənin yaradılmasında və elmi-praktik inkişafında professor F.M.Mirsəlimovun  rolu böyük və əvəzsizdir. Respublikada ilk dəfə feoxromositoma, androsteroma, insulinomanın ləgvi, İtsenko-Kuşinq sindromu zamanı bir və iki tərəfli epinefrektomiya, Nazarov əməliyyatı onun tərəfindən icra olunub. Professor F.M.Mirsəlimovun həyat yolundan onun tələbəsi, hal-hazırda həmin şöbənin rəhbəri və konfransın sədri professor  F.X.Saidova  məruzə etdi. Bundan sonra onun tələbələri, dostları, iş yoldaşları öz xatirələri ilə bölüşdülər.  Konfransın proqramı endokrinologiyanın əsas bölmələrini əhatə etmişdir: qalxanvari vəz, paratiroid vəzi, böyrəküstü vəz, hipofiz, yumurtalıqların polikistozu, piylənmə, prediabet və şəkərli diabet. Məruzələr ilə azərbaycan və dəvət olunmuş xarici qonaqlar iştirak etdilər. Kiyevdan gələn t.e.d., professor,  əməkdar elm xadimi, Endokrin Cərrahlarının Avropa Assosiasiyasında Ukraynanın nümayəndəsi  S.M. Çerenko birincili hiperparatireozdan, Moskvadan – Endokrinologiya İnstitutunun neyrocərrahiyyə şöbəsinin rəhbəri  t.e.d., professor A.Y.Qriqoryev hipofizin adenomalarının müalicə taktikasından, cərrahi endokrinologiya şöbəsinin b.e.i., t.e.d,  professor D.Q.Beltseviç böyrəküstü vəzin insidentalomalarının diaqnostikasından, İstanbuldan – Dr. H.E.Taşkın metabolik cərrahiyyədə yeniliklərdən,  professor V. A.Mirzəzadə piylənmə, diabet və prediabetdən, L.X.Səlimxanova polikistoz yumurtalıqlar sindromu haqqında müasir elmi məlumatlar və kliniki tövsiyyələrdən, S.S.Bəbirov  tireoidektomiyanın son naliyyəti – transoral tireoidektomiyadan məruzələr ilə çıxış etdilər. Konfransda Respublikamızın müxtəlif  müalicə müəssisələrindən cərrah, endokrinoloq, terapevt, neyrocərrah, bariatrik cərrah, radioloq, qinekoloq və diyetoloqlar  iştirak edirdi. Məruzələr böyük  maraq ilə qarşılandı, çoxsaylı suallara və diskussiyalara səbəb oldu. Hesab etmək olar ki, bu gün müvəffəqiyyətlə, maraqlı,və unudulmaz keçdi.

Professor  F.X. Saidova qeyd etdiyi kimi endokrin cərrahlıgına həsr olunmuş konfranslar bundan sonra davamlı olaraq Respublikada daha geniş şəkildə keçiriləcək.