Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 28 il ötür

“Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.

Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev

 

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günüdür. İyirmi səkkiz il əvvəl, 1995-ci il noyabrın 12-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiya hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul edildi.

Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, ulu öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 01 noyabr tarixli Fərmana əsasən hər il 12 noyabr Konstitusiya Günü kimi qeyd edilir.

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi dövlət müstəqilliyinin ilk illərində əldə edilən ən mühüm nailiyyətlərdən biri olmaqla, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğuistiqamətindətamamilə yeni mərhələnin əsasını qoydu.Azərbaycanın müstəqillik yolunda daha da inamla irəliləməsi, milli-mənəvi dəyərlərimizin hərtərəfli qorunması və əhalinin rifahının təmin edilməsi üçün geniş imkanlar yaratdı.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən vacib hadisələrindən biri olmaqla yanaşı,dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin dünya birliyində nüfuzunun daha da artması baxımından əhəmiyyətli ictimai-siyasi hadisə idi. Ali Qanunun qəbul edilməsi ölkənin inkişafında yeni mərhələyə – dövlət siyasətinin mərkəzində insanın hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə xarakterizə olunan mərhələyə qədəm qoyulmasının göstəricisi oldu.

Azərbaycan RespublikasınınKonstitusiyası demokratiya və hüquqi dövlət prinsipləri ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin etməklə yanaşı, vətəndaşların sağlamlığının qorunması hüququnu da təmin edir. Bu Ali Qanunun 41-ci maddəsi ilə dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.

Azərbaycan Respublikasının Konstitusiya Gününün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan misilsiz qələbə şərəfinə təsis edilmiş Zəfər Gününə yaxın günə təsadüf etməsi onu daha da əlamətdar edir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün tamamilə bərpası Konstitusiyadan irəli gələn bazaya əsaslanır.

Yaşasın Azərbaycan!