“Böyük Qayıdış”a sağlamlıq dəstəyi — Səhiyyə Nazirliyindən Füzulidə tibbi aksiya
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində kompleks tibbi müayinələr və sağlam həyat tərzinin təşviqinə dair maarifləndirici tədbirləri davam etdirir.
Növbəti belə aksiya bugün Füzuli şəhərində keçirilib. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) həkim briqadası yerli əhali və bölgədə fəaliyyət göstərən mütəxəssislər üçün tibbi müayinələr və konsultasiyalar təşkil edib.
Aksiyanın əsas məqsədi müxtəlif cərrahi və terapevtik patologiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin aparılması və vətəndaşlara konsultativ tibbi xidmətlərin göstərilməsi olub.
Mərkəzin direktoru prof. Rauf Ağayevin rəhbərliyi altında cərrah qastroenteroloqlar – prof. Şirinov Z.T., t.ü.f.d. Musayev B.V., t.ü.f.d. İdrisov F.S., damar cərrahı – t.ü.f.d. Quliyev R.A., endokrin cərrahı – t.ü.f.d. Sadıxov F.Q., kardiocərrah – t.ü.f.d. Bağırov İ.M., terapevt qastroenteroloq — Rüstəmova M.R., nefroloq – t.e.d. Hüseynov X.M. və digər ixtisaslı mütəxəssislərin yer aldığı tibb heyəti tərəfindən əhaliyə tibbi baxış keçirilib, elektrokardioqrafiya (EKQ) və digər diaqnostik müayinələr aparılıb.
Ümumilikdə, aksiya müddətində 170 nəfərə yaxın vətəndaş tibbi müayinədən keçib. Füzuli şəhərində tibbi konsultativ xidmətin uğurlu həyata keçirilməsində Mərkəzin inzibati işlər üzrə direktor müavini Anar Ağayevin xüsusi rolu olmuşdur.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən “Böyük Qayıdış”a dəstək məqsədilə digər azad olunmuş bölgələrdə də bu qəbildən olan tibbi və maarifləndirici tədbirlərin təşkili davam etdirilir.




















































































































