Azərbaycanda ilk dəfə unikal əməliyyat icra edilib

Elmi Cərrahiyyə Mərkəzində Plastik və Rekonstruktiv Cərrahiyyə şöbəsi yaradılmışdır. Yeni yaradılan şöbədə müasir tibbi standartlara uyğun olaraq plastik və rekonstruktiv cərrahi əməliyyatlar uğurla icra olunur.

Son günlərdə şöbədə Azərbaycanda ilk dəfə olaraq unikal cərrahi əməliyyat həyata keçirilmişdir.

Xəstə üz sümüklərinin çoxsaylı sınıqları, həmçinin alt çənənin sağ və sol oynaq çıxıntılarının yerdəyişmiş sınıqları diaqnozu ilə mərkəzə daxil olmuşdur.

Ona üz sümüklərinin qapalı reduksiyası, alt çənənin sağ və sol oynaq çıxıntılarının endoskopik reduksiyası və metal osteosintez əməliyyatı uğurla tətbiq edilmişdir. Əməliyyat  tibb elmləri doktoru Elçin Məmmədov və Vəlican Abbasov  tərəfindən icra edilmişdir.

Qeyd etmək lazımdır ki, bu tip əməliyyatlar əksər klinikalarda açıq üsulla icra olunur və nəticədə üz nahiyəsində çapıq izlərinin qalmasına səbəb ola bilər. İlk dəfə olaraq əməliyyatın endoskopik üsulla aparılması həm estetik baxımdan, həm də bərpa prosesinin daha rahat keçməsi baxımından mühüm üstünlük təşkil edir.

Hazırda xəstənin vəziyyəti stabil və qənaətbəxşdir.