31 Mart — Azərbaycanlıların Soyqırımı Günü yad edildi

Hər il olduğu kimi bu il də 31 Mart — Azərbaycanlıların Soyqırımı Günü ölkəmizin hər yerində dərin ehtiramla yad edildi. 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən törədilmiş kütləvi qırğınlar nəticəsində minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmışdır. Bu hadisələr xalqımızın tarixində ən faciəli səhifələrdən biri kimi yadda qalmışdır.

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində də anım tədbiri keçirilmişdir. Tədbir çərçivəsində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, həmin dövrdə baş verən hadisələr haqqında məlumat verilmişdir.

Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev öz çıxışında bu faciənin unudulmamasının, gələcək nəsillərə doğru şəkildə çatdırılmasının vacibliyini vurğulamışdır.

Qeyd olunmuşdur ki, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və tarixi həqiqətlərin tanıdılması hər bir vətəndaşın mənəvi borcudur. Bu cür tədbirlər milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

31 Mart — Azərbaycanlıların Soyqırımı Günü xalqımızın yaddaşında daim yaşayacaq və bu faciə heç zaman unudulmayacaqdır.