20 Yanvar faciəsi Elmi Cərrahiyyə Mərkəzində anılıb
20 Yanvar — Azərbaycan xalqının azadlıq və müstəqillik tarixində dönüş nöqtəsi olan, milli iradənin və qəhrəmanlığın təcəssümü kimi yadda qalan qanlı faciənin ildönümü ilə əlaqədar Elmi Cərrahiyyə Mərkəzində anım tədbiri keçirilib.
Tədbirdə Elmi Cərrahiyyə Mərkəzinin rəhbərliyi və kollektivi iştirak edib. Tədbir iştirakçıları 20 Yanvar faciəsinin Azərbaycan tarixində tutduğu mühüm yerə bir daha nəzər salaraq, həmin gün xalqımızın üzləşdiyi faciə ilə yanaşı nümayiş etdirdiyi birlik və mübarizə ruhunu xatırlayıblar.
Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev 20 Yanvar hadisələrinin tarixi-siyasi əhəmiyyətindən geniş bəhs edərək bildirib ki, 1990-cı ilin yanvarında sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi bu qanlı hadisə Azərbaycan xalqının azadlıq iradəsini sındıra bilməmiş, əksinə müstəqillik ideyasını daha da möhkəmləndirmişdir. O, həmin gecə Azərbaycan xalqının öz azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin göstərdikləri qəhrəmanlığın bu gün də qürur mənbəyi olduğunu vurğulayıb.
Rauf Ağayev çıxışında 20 Yanvar şəhidlərinin xatirəsinin daim uca tutulmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd edərək, bu cür anım tədbirlərinin xüsusilə gənc nəsildə vətənpərvərlik ruhunun formalaşdırılmasında, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbir çərçivəsində 20 Yanvar faciəsi zamanı həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sükut anında iştirakçılar Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Anım tədbirinin sonunda bildirilib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında təkcə hüzn günü deyil, eyni zamanda azadlıq uğrunda mübarizənin və milli həmrəyliyin rəmzi kimi yaşayır. Vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsi şəhidlərin müqəddəs xatirəsinin yaşadılmasına və gənc nəsildə milli şüurun formalaşmasına xidmət edir.
Allah şəhidlərimizə rəhmət etsin!
























































































