Yüksəkixtisaslı tibbi xidmət Naxçıvanda: ECM əməkdaşlarının növbəti ezamiyyəti.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əməkdaşları Naxçıvan Muxtar Respublikasında əhaliyə tibbi-konsultativ xidmət göstəriblər.
2026-cı ilin may və iyun aylarında M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yüksəkixtisaslı həkimlərindən ibarət iki qrup Naxçıvan Muxtar Respublikasına ezam olunub.
Ezamiyyət çərçivəsində mərkəzin cərrahi qastroenterologiya, cərrahi endokrinologiya, ürək-damar cərrahlığı və endoskopik diaqnostika üzrə mütəxəssisləri tərəfindən Naxçıvan şəhərində əhaliyə tibbi-konsultativ xidmətlər göstərilib, pasiyentlər müayinə olunub, diaqnostik qiymətləndirmələr aparılıb və müalicə ilə bağlı müvafiq tövsiyələr verilib.
Həkimlər tərəfindən müxtəlif profilli xəstəliklər üzrə müraciət edən vətəndaşlar qəbul edilərək onların sağlamlıq vəziyyəti qiymətləndirilib, zəruri hallarda əlavə müayinə və ixtisaslaşmış müalicə üçün yönləndirmələr həyata keçirilib.
Bu cür səfərlərin əsas məqsədi regionlarda yaşayan əhalinin yüksəkixtisaslı tibbi xidmətlərə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və vətəndaşların sağlamlığının qorunmasına töhfə verməkdir.
Mərkəzimiz gələcəkdə də regionlarda tibbi-konsultativ aksiyaların təşkilini davam etdirərək əhaliyə keyfiyyətli və əlçatan səhiyyə xidmətlərinin göstərilməsinə dəstək verməyi qarşıya məqsəd qoyur.



































































































