Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində növbəti unikal əməliyyat: Yeganə böyrək xilas edildi
Səhiyyə Nazirliyi akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin İnvaziv Radiologiya şöbəsində, invaziv radioloq dr. Ruslan Əliyevin rəhbərliyi altında dünya standartlarına uyğun geniş spektrli invaziv və endovaskulyar müdaxilələr uğurla həyata keçirilir. Bu yüksəktexnoloji imkanlar sayəsində dr. Ruslan Əliyev tərəfindən növbəti mürəkkəb endovaskulyar əməliyyat icra olunub.
Tibbi müəssisəyə ağır vəziyyətdə müraciət edən 46 yaşlı qadın pasiyentin bir il öncə eyni diaqnoz — angiomiolipoma səbəbindən sol böyrəyi xaric edilib. Müayinələr zamanı pasiyentin yeganə sağ böyrəyində nəhəng angiomiolipomanın rupturu (yırtılması) və həyati təhlükəli qanaxma müəyyən olunub.
Təxirəsalınmaz müdaxilə zamanı əsas məqsəd qanaxmanın dayandırılması ilə yanaşı, yeganə funksional orqanın qorunması olub. Şişi qidalandıran və qanaxmaya səbəb olan damarların superselektiv endovaskulyar embolizasiyası nəticəsində qanaxma tam dayandırılıb. Əməliyyat zamanı sağlam böyrək toxuması maksimum qorunaraq yeganə böyrəyin funksionallığı saxlanılıb.
Bu klinik hadisə vaxtında və düzgün seçilmiş minimal invaziv müalicə metodlarının həyati təhlükəli fəsadları aradan qaldırmaqla bərabər, həm də orqan qoruyucu xüsusiyyətini və pasiyentin gələcək həyat keyfiyyətinin saxlanılmasında rolunu bir daha nümayiş etdirir.





































































































