M.A. Topçubaşovun anadan olmasının 130 illiyi münasibəti ilə Fəxri Xiyabanda anım tədbiri keçirildi
Görkəmli alim və tanınmış ictimai xadim, tibb elmləri doktoru, Əməkdar elm xadimi, akademik Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 130 illiyi münasibəti ilə 23.09.2025-ci il tarixində Fəxri Xiyabanda anım tədbiri keçirildi. Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin kollektivi əvvəlcə Ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın, sonra Mustafa Topçubaşovun məzarlarını ziyarət etdilər. Onlarin xatirəsini ehtiramla yad edərək məzarları önünə gül dəstələri düzdülər. Ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin akademik Mustafa Topçubaşova olan xüsusi münasibəti də xatırlandı. Heydər Əliyev onu daim dəstəkləmiş, Azərbaycan səhiyyəsinin inkişafında onun töhvələrini yüksək dəyərləndirmişdir.
Akademik M.A.Topçubaşov Azərbaycan tibb elminin banilərindən biri olmaqla yanaşı, həm də müasir cərrahiyyə məktəbinin əsasını qoyan şəxsiyyətlərindən biridir. Onun fəaliyyəti dövründə apardığı elmi-tədqiqat işləri bu gün də yüksək qiymətləndirilir.
Akademik Mustafa Topçubaşov kimi böyük bir alim və şəxsiyyətin adını daşıyan Elmi Cərrahiyyə Mərkəzində çalışdığımız üçün fəxr edirik. Onun yaratdığı elmi ənənələri yaşatmaq və gələcək nəsillərə ötürmək bizim üçün həm şərəf, həmdə məsuliyyətdir.

































































































