2025-ci il sentyabrın 24-də Akademik Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş Beynəlxalq Elmi-Praktik Konfrans keçirilmişdir
2025-ci il sentyabrın 24-də Azərbaycanın tibb elminin görkəmli nümayəndəsi, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illik yubileyi münasibəti ilə Bakıda, ”Fairmont” otelində Beynəlxalq Elmi-Praktik Konfrans keçirildi. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutdu.
Konfransda ölkənin aparıcı tibb mütəxəssisləri ilə yanaşı, xarici qonaqlar, elm və ictimaiyyət nümayəndələri də iştirak etmişdirlər.
Konfransın açılışında çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Mustrafa Topçubaşovun milli səhiyyənin inkişafında misilsiz xidmətlərini vurğuladı. Nazir Mustafa Topşubaşovun analgezin adli ağrikəsici kəşfinin ikinci dünya müharibəsi illərində əvəzsiz xidmət göstərdiyini bildirdi. Həmçinin qeyd etdi ki, akademikin adı ilə bağlı olan etik dəyərlər, peşəkar məsuliyyət və elmi düşüncə bu gün də Azərbaycan səhiyyəsində əsas meyarlardan biri kimi qəbul olunur. Onun sözlərinə görə Mustafa Topçubaşov təkcə bir cərrah deyil, insanlara xidmətin simvoluna çevrilmiş şəxsiyyət idi.
Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Mustafa Topçubaşovun yalnız tibb elmi sahəsində deyil, ümumən Azərbaycan elminin inkişafında mühüm rol oynadığını vurğuladı. Onun sözlərinə görə Mustafa Topçubaşov milli elmin, milli ziyalılığın və vətəndaş məsuliyyətinin bariz təcəssümüdür. Onun elmi irsi AMEA üçün həm tarix, həm də gələcəyə yol göstərən bir mayakdır.
Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev Mustafa Topçubaşovun elmi irsindən danışaraq, onun yaratdığı cərrahlıq məktəbinin fəaliyyətinin bu gün də uğurla davam etdirildiyini bildirdi. O, akademikin elmi-praktik metodlarının müasir tibbi yanaşmalarla hələ də uzlaşdığını qeyd etdi.
Konfransda Türkiyyədən dəvət olunmuş Türkiyənin Hacettepe Universitetinin professoru, Avrasiya Cərrah və Qastroenteroloqlar Assosiyasiyasının sədri Yasemin Balaban da çıxış edərək, Mustafa Topçubaşovun beynəlxalq tibb elmi arenasında qazandığı nüfuzdan danışdı. O, akademiki “Qafqazın Hippokratı” adlandıraraq onun adının Türk dünyasında da dərin hörmətlə xatırlandığını bildirdi.
Akademikin oğlu Ceyhun Topçubaşov tədbirdə çıxış edərək ailəsi adından təşəkkürünü bildirdi. O qeyd etdi ki, Mustafa Topçubaşovun ideyaları və insanlara xidmət missiyası ailəsi üçün hər zaman böyük fəxr mənbəyi olub və bu irs davam etdiriləcək.
Konfrans çərçivəsində : Mustafa Topçubaşovun həyat və fəaliyyətinə dair sənədli film nümayiş etdirildi, foto və arxiv materiallardan ibarət sərgi təşkil olundu, onun elmi irsini əks etdirən nəşrlər təqdim edildi.
Konfransın rəsmi açılışından sonra elmi-praktiki bölmə öz işini davam etdirdi. Y.Balaban, R.Ağayev, İ.Kazımov, Ə.Məmmədov, R.Cəfərli, İ.Balık, K.Musayev, N.Bayramov, T.Ömərov, İ.Nadiradze, F.Səidova, F.Həsənov, K.Quliyev, E.Ağayev, Z.İsmayılova çıxış edərək abdominal cərrahiyyə, qastroenterologiya, ürək-damar, endokrin və süd vəzisi cərrahiyyəsi, anesteziologiya-reanimatologiyanın problemləri və onların müalicəsi mövzusunda geniş auiditoriya qarşısında məruzələrlə çıxış etdilər.
Bu tədbir bir daha sübut etdi ki, milli elmimizin, səhiyyəmizin inkişafında böyük rol oynamış şəxsiyyətlərin irsi daim yaşadılmalı və gələcək nəsillərə ötürülməlidir.
















































































































