Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Novruz bayramı qeyd olunub
Bu gün Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (ECM) ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan yaz ətirli Novruz bayramı qeyd olunub.
Azmedinfo.az xəbər verir ki, tədbirdə çıxış edən elmi işlər üzrə direktor müavini tibb elmləri doktoru İlham Kazımov bu bayramın adət-ənənələrinin xalqımız tərəfindən min illərdən bəri yaşadıldığını, Ümummili lider Heydər Əliyevin Sərəncamı ilə milli dövlət bayramı statusu qazandığını xatırladıb.
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə 18.03.2025-ci il tarixli Azərbaycan xalqına təbrikindən sitat gətirən natiq “Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilib” – deyə diqqətə çatdırıb.
İlham Kazımov bildirib ki, Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın böyük səyi nəticəsində 2009-cu ildə Novruz çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.
Alim ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan yaz ətirli Novruz bayramının şanlı Zəfərin beşinci ildönümü ərəfəsində verdiyi mənəvi güclə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında xüsusi coşqu ilə qeyd olunmasının qəlbləri riqqətə gətirməsindən, bəxş etdiyi əvəzolunmaz qürur hissindən bəhs edib.
“Təbiətin oyanışını özündə ehtiva edən bu gözəl bayramın hər birinizə can sağlığı, firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm” – deyə İlham Kazımov səmimi diləklərini çatdırıb.
Novruz bayramınız mübarək!
























































































