Elmi Cərrahiyyə Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı təntənə ilə qeyd olunub
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə Elmi Cərrahiyyə Mərkəzinin direktoru, direktor müavinləri, şöbə müdirləri, cərrahlar, elmi əməkdaşlar və tibbi heyət iştirak edib.
Tədbirdə geniş məruzə ilə çıxış edən Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev kollektivi əlamətdar gün münasibətilə təbrik edərək, ölkə səhiyyəsinin inkişafından və mərkəzin əldə etdiyi elmi-praktiki uğurlardan bəhs edib, bu əlamətdar günün tarixi əhəmiyyətini vurğulayıb. O, Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramının rəsmi status almasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. Ümummilli liderin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə iyunun 17-nin ölkəmizdə tibb işçilərinin peşə günü kimi təsis edildiyini bildirib.
Direktor öz çıxışında, Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində aparılan islahatlar nəticəsində tibb müəssisələrinin fəaliyyətinin müasir standartlar səviyyəsinə qalxdığını vurğulayıb. Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ölkənin ən böyük elmi-tədqiqat ocaqlarından biri olduğu, burada unikal və mürəkkəb cərrahi əməliyyatlar uğurla icra olunduğunu diqqətə çatdırıb.Tibbi heyətinin gecə-gündüz göstərdiyi fədakarlıq, insan sağlamlığının qorunması yolundakı xidmətlərinin hər cür təqdirəlayiq olduğunu bildirib.
Professor Rauf Ağayev çıxışının sonunda mərkəzin çoxsaylı kollektivini növbəti dəfə təbrik edib, onlara çətin və şərəfli fəaliyyətlərində yeni elmi-praktiki uğurlar, möhkəm cansağlığı arzulayıb.
Ənənəyə sadiq qalaraq, mərkəzin elmi, praktiki və ictimai həyatında fəal iştirak edən, eləcə də pasiyentlərin sağalmasında xüsusi xidmətləri olan bir qrup tibb işçisi fəxri fərman və mükafatlarla təltif edilib.

































































































