Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Mayın 8-də M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Rauf Ağayev çıxış edərək Ulu Öndərin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəni siyasi-iqtisadi böhrandan çıxararaq sabitliyə, inkişafa və beynəlxalq nüfuzun artmasına nail olmuş ümummilli lider olduğundan, Azərbaycan səhiyyəsinin inkişafındakı əvəzsiz xidmətlərindən, ölkəmizdə tibb elminin tərəqqisi üçün gördüyü işlərdən bəhs edib. Qeyd olunub ki, məhz Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda səhiyyə sistemi müasir standartlar səviyyəsinə yüksəlib, minlərlə insanın həyatı xilas edilib.
Çıxış edən digər əməkdaşlar Ulu Öndərin siyasi irsindən, dövlətçilik fəlsəfəsindən və xalqına sonsuz sevgisindən danışıblar. Bildirilib ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda Mərkəzin kollektivi bir daha Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, onun ideyalarına sadiq qalacaqlarını vurğulayıblar.