Xocali soyqırımı qurbanlarının xatirəsi anılıb
Elmi Cərrahiyyə Mərkəzində 26 Fevral — Xocalı soyqırımı qurbanlarının anım günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə mərkəzin rəhbərliyi, həkim və tibb personalı, eləcə də digər əməkdaşlar iştirak etmişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, Xocalı soyqırımı XX əsrin ən ağır faciələrindən biridir. Rəsmi məlumatlara əsasən, həmin gecə 613 nəfər dinc sakin qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olmuşdur. 487 nəfər ağır yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfərin taleyi isə uzun müddət naməlum qalmışdır. Bu rəqəmlər bir daha göstərir ki, Xocalıda baş verənlər təkcə hərbi əməliyyat deyil, mülki əhaliyə qarşı yönəlmiş ağır cinayət idi.
Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev çıxışında Xocalı qurbanlarının əziz xatirəsinin daim hörmət və ehtiramla yad edilməsinin hər bir azərbaycanlının mənəvi borcu olduğunu bildirmişdir. O, tariximizin unudulmamasının, milli yaddaşın qorunmasının və gənc nəslə düzgün şəkildə ötürülməsinin vacibliyini xüsusi vurğulamışdır.
Çıxışlarda həmçinin qeyd edilmişdir ki, Azərbaycan xalqı heç zaman öz tarixi torpaqlarını və yaşadığı faciələri unutmamışdır. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuş, Qarabağ torpaqları işğaldan azad edilmişdir. Bu gün azad Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, həyat tədricən öz axarına qayıdır. Bu, həm də Xocalı qurbanlarının xatirəsinə ehtiramın və tarixi ədalətin təntənəsinin təzahürüdür.
Sonda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Elmi Cərrahiyyə Mərkəzi olaraq bildiririk ki, xalqımızın tarixində dərin iz buraxmış bu faciə heç zaman unudulmayacaq, Xocalı şəhidlərinin xatirəsi daim ehtiramla anılacaqdır.

























































































