Əmək və mərhəmət dolu bir ömürə ECM-in təşəkkürü
Bu gün M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində uzun illər bu müəssisədə çalışan, həmkarlarının və xəstələrinin dərin rəğbətini qazanan Aşurova Əzizə Niyazi qızının təqaüdə yola salınma mərasimi keçirildi. Səhər konfransının ab-havası bu dəfə daha duyğulu, daha səmimi idi – bu, kollektivin sevilən üzvü ilə vidalaşma deyil, onun əməyinə verilən dəyərin təzahürü idi.
Tədbirdə çıxış edən ECM-in direktoru, professor Rauf Ağayev Əzizə xanım haqqında ürək sözlərini bölüşdü. O, Əzizə xanımın yalnız bir həkim kimi deyil, həm də nümunəvi bir insan kimi kollektivdə hər zaman seçildiyini vurğuladı:
“Əzizə xanım bu müəssisənin tarixinə yazılmış adlardan biridir. Onun xəstələrə münasibəti, işinə olan sevgisi, illərlə qoruduğu məsuliyyət hissi həmişə diqqətimizdə olub. O, işində dəqiqliyi, insanlara münasibətdə səmimiyyəti ilə həm gənc həmkarlarına, həm də bizə örnək olub. Mən sizə gözəl övladlarınız, yetişdirdiyiniz tələbələriniz üçün təşəkkür edirəm. Arzu edirəm ki, ətrafınızdakı insanların sizə olan dəyəri və sevgisi bu yeni dövrdə də sizinlə olsun. Sizə həm kollektivimiz, həm də şəxsən öz adımdan möhkəm can sağlığı və xoş günlər arzulayıram.”
Əzizə xanımın həyat və əmək yolu bütövlükdə bir sabitliyin, vəfasız olmayan zəhmətin və peşəsinə bağlılığın göstəricisidir. 1973-cü ilin avqust ayında bu mərkəzdə işə başlayan Əzizə xanım, düz 52 il boyunca bir gün olsun işindən, kollektivindən uzaq düşməyib. Həmişə olduğu yerdə – xəstələrin yanında, həkimlərin və tibb bacılarının arasında olub.
Kardiocərrahiyyə üzrə Elmi şöbənin rəhbəri, professor Fazil Abbasov da çıxışında Əzizə xanımın gördüyü işlərdən bəhs edərək onu belə xarakterizə etdi:
“Əzizə xanım şöbəmiz üçün sadəcə əməkdaş deyil, onun bir parçası idi. O, yüzlərlə ürək əməliyyatı keçirmiş xəstənin reabilitasiya prosesində bilavasitə iştirak edib, ağır postoperativ vəziyyətlərdə göstərdiyi qayğı ilə bizlərə böyük dayaq olub. Heç vaxt şikayət etməyib, nə qədər yorğun olsa da, üzündə həmişə təbəssüm olub. Onun işinə yanaşmasında bir sözlə desək – tükənməzlik vardı.”
Tədbirin sonunda isə Əzizə xanımın qızı, Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının əməkdaşı Nabat Aşurova çıxış edərək, anasına göstərilən diqqətə görə minnətdarlığını bildirdi:
“Bu gün burada olmaq mənim üçün həm qürur, həm də duyğulu bir andır. Anam bizim üçün həmişə fədakarlığın, zəhmətin və dürüstlüyün simvolu olub. Mən cənab direktora və bütün kollektivə bu gözəl tədbir üçün təşəkkür edirəm. Əzizə xanım bu mərkəzdə bir ömür yaşayıb – təkcə işçi kimi deyil, bir ailə üzvü kimi.”
Bu mərasim bir daha göstərdi ki, insan öz işini sevərək və vicdanla gördükdə, arxasında hörmət, rəğbət və yaxşı iz buraxır. Əzizə xanım təqaüdə getsə də, onun qoyduğu izlər, xatirələr, həmkarlarının və xəstələrinin qəlbində yaşamağa davam edəcək.
Sonda ECM-in direktoru, professor R. Ağayev Əzizə xanıma gül dəstələri təqdim etdi.