Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik Konfransı
Bakıda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik Konfransı uğurla təşkil olunub. Tədbirdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nümayəndələri iştirak ediblər. Konfransın əsas məqsədi tibb bacılığı və mamalıq sahəsində elmi yeniliklərin, praktik təcrübələrin və innovativ yanaşmaların ölkələr arasında mübadiləsini təmin etmək olub. Konfrans zamanı TDT ölkələrindən gəlmiş nümayəndələr maternal və neonatal qayğı, xəstə təhlükəsizliyi, tibb bacılarının peşəkar inkişafı və klinik təcrübələrin təkmilləşdirilməsi ilə bağlı çıxışlar ediblər.
Azərbaycan Respublikasının Səhiyyə Naziri Teymur Musayev çıxış edərək, Azərbaycanda tibb bacılığı və mamalıq sahələrinin inkişafı üçün həyata keçirilən islahatlardan danışıb. O, maternal sağlamlıq, neonatal qulluq, eləcə də region ölkələri arasında tibbi təcrübə və bilik mübadiləsinin genişləndirilməsinin gələcək əməkdaşlığın əsas istiqamətindən olduğunu bildirib. Nazir bildirib ki, belə beynəlxalq platformalar vahid klinik yanaşmaların formalaşmasına və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəlməsinə ciddi töhfə verir.
Milli məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmraslanov çıxışında türkdilli ölkələrin elmi-tibbi potensialının birləşdirilməsinin əhəmiyyətindən danışıb, Parlament səviyyəsində tibbi əməkdaşlıq üçün dəstəyin davam etdiriləcəyini bildirmişdir.
Türkiyyənin Azərbaycandakı səfiri Birol Akgün çıxışında Azərbaycan-Türkiyə arasında möhkəm qardaşlıq münasibətlərinin tibbi sahədə də uğurla inkişaf etdiyini qeyd etdi. O, Türkiyənin səhiyyə sistemində tətbiq olunan yeniliklərin digər türk dövlətləri ilə paylaşılmasının vacibliyini və bu konfransın böyük regional platformaya çevriləcəyini vurğulayıb.
Qırğızıstanın Azərbaycandakı səfiri Alim Bayev çıxışında konfransın türkdilli ölkələr arasında sağlamlıq sahəsində əməkdaşlığın yeni mərhələsi olduğunu bildirdi. Səfir gələcəkdə birgə tibbi layihələrin genişləndirilməsinin vacibliyini vurğuladı.
Tədbir çərçivəsində Qırğızıstandan olan iki nümayəndə Elmi Cərrahiyyə Mərkəzinə səfər edərək şöbələrin fəaliyyəti, iş prinsipləri və tətbiq olunan müasir tibbi yanaşmalarla yaxından tanış olublar. Onlar mərkəzdə tibb bacılarının iş prosesinin təşkili, xəstə idarəetməsi və prosedur protokolları üzrə təcrübə mübadiləsi aparıblar. Səfər proqramının davamı olaraq qonaqlar üçün Bakı şəhərinin tarixi və mədəni irsini əks etdirən yerlərə ekskursiya təşkil edilib. Qırğızıstandan nümayəndələri şəhidlər xiyabanını ziyarət edib, vətənin azadlığı uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini anıblar.
Qonaqlar ECM tərəfindən göstərilən yüksək səviyyəli qarşılanma və diqqətdən son dərəcə məmnun qalıblar. Onların hər ikisi Azərbaycanın səhiyyə sistemində gördükləri inkişafı, mərkəzin peşəkar fəaliyyətini yüksək qiymətləndirərək ölkənin səhiyyə nazirinə rəsmi təşəkkür məktubu ünvanlayıblar.
Konfrans tibb bacılığı və mamalıq sahələrində beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisə kimi dəyərləndirilib və yüksək təşkilatçılıqla yadda qalıb.



























































































