Elmdə və həyatda qadınların rolu

Bu gün, 8 Mart — Beynəlxalq Qadınlar Günü münasibətilə Səhiyyə Nazirliyi akademik Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (ECM) tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Elmi işlər üzrə direktor müavini İlham Kazımov bildirdi. 8 martın Beynəlxalq Qadınlar Günü kimi təntənəli qeyd edilməsinin tarixindən bəhs etdi. “O dövrdə Amerika Birləşmiş Ştatlarında qadın işçilər iş şəraitlərinin yaxşılaşdırılması və bərabər hüquqların təmin edilməsi tələbi ilə böyük bir etiraz aksiyası keçirərək, bu günü qadın hüquqlarının müdafiəsi və bərabərlik uğrunda mübarizənin simvoluna çevirdilər.” — deyə vurğuladı.

Bu gün qadınların cəmiyyətdəki mövqeyi daha da güclənib. Qadınlar yalnız ailə həyatında qayğıkeş və tərbiyəçi deyil, həm də müxtəlif sahələrdə — tibbdə, iqtisadiyyatda, təhsildə, səhiyyədə, elmdə və texnologiyada əhəmiyyətli uğurlar əldə edirlər. Elmi Cərrahiyyə Mərkəzində də qadın əməkdaşlarımızın rolu əvəzolunmazdır. Mərkəzin əməkdaşlarının 68 faizi qadınlardır. Onlar arasında 1 professor, 4 elmlər doktoru, 19 fəlsəfə doktoru və bir dosent mövcuddur. Bu göstəricilər qadın əməkdaşlarımızın elm və təhsil sahəsindəki müstəsna töhfələrini və yüksək səviyyəli fəaliyyətlərini aydın şəkildə göstərir.

Bu xüsusi gündə biz qadınların əməyini bir daha qiymətləndirməli və onlara olan dərin minnətdarlığımızı növbəti dəfə ifadə etməliyik.

Əziz xanımlar, hər birinizin əməyinə, fədakarlığına və peşəkar yanaşmanıza yüksək qiymət verilir. Sizin işinizə olan sevgi, sadiqlik və əzmkarlıq, təşkilatımızın və cəmiyyətimizin inkişafına mühüm təsir göstərir.

“Elmi Cərrahiyyə Mərkəzində qadınların rolu böyük əhəmiyyət daşıyır. Sizlər şərəfli bir peşənin icraçıları və davamçılarısınız. İnsan üçün ən qiymətli dəyər sağlamlıqdır və məhz sizlər, tibb işçiləri, bu sağlamlığın keşiyində durursunuz. Hər birinizin əməyinin dəyəri ölçüyəgəlməzdir, çünki siz yalnız bir peşəni deyil, insanların həyatını və gələcəyini qorumaq missiyasını yerinə yetirirsiniz.

ECM rəhbərliyi adından, sizin hər birinizi bu xüsusi gün münasibətilə təbrik edir və hər zaman yanınızda olduğumuzu bir daha qeyd edirik. Eyni zamanda, Həmkarlar Komitəsinə də təşəkkür edirik. Onlar belə vacib tədbirlərdə bizləri heç vaxt tək qoymurlar və xanım əməkdaşlarımıza hər zaman xüsusi diqqət göstərirlər.

Həmkarlar Komitəsi bu gündə qadın əməkdaşlarımıza xüsusi diqqət göstərib. Hər il olduğu kimi, bu il də 8 Mart — Beynəlxalq Qadınlar Günü münasibətilə, Həmkarlar Komitəsi xanımlarımıza hörmət və təşəkkürünü bildirmək məqsədilə onlara hədiyyələr və gül dəstələri təqdim edib. Bu kiçik jestlər, xanımlarımıza olan yüksək dəyər və hörməti bir daha nümayiş etdirir.” — deyə natiq diqqətə çatdırdı.

Sonda İlham Kazımov bütün xanımları bir daha təbrik etdi və onlara can sağlığı, uzun ömür və xoşbəxtlik arzuladı. Çıxışında qeyd etdi ki, “Sizin əzminiz və fədakarlığınız sayəsində həm iş mühitimiz, həm də cəmiyyətimiz daha da inkişaf edir. Hər birinizə uğurlar diləyirəm!”