Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri: «Hər beş insandan biri bu xəstəliklə üzləşir!»

Bu gün mövzumuz  hemorroidal xəstəlik haqqındadır.

Müsahibimiz M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Yoğun və düz bağırsaq cərrahlığı şöbəsinin müdiri tibb üzrə fəlsəfə doktoru Nərgiz Adil qızı Məmmədovadır.

Azmedinfo.az müsahibəni təqdim edir:

— Fikrinizcə, hemorroidal xəstəliyin belə geniş yayılmasının səbəbləri nədir?

— Doğru söylədiniz, hemorroidal xəstəlik kifayət qədər çox yayılmış bir xəstəlikdir. Bunun əsas səbəbi anal bölgənin anatomik quruluşundan irəli gəlir. Normada hər bir insanda bu bölgədə anadangəlmə daxili və xarici damar şəbəkəsi mövcuddur, başqa sözlə, onları kavernoz və ya mağaralı toxuma adlandırırlar. Hemorroidal xəstəliyin yaranması mexanizmində məhz bu xarici və daxili kələflərdə kəskin və ya xroniki qandövranı pozğunluğunun baş verməsi durur. Qan təhcizatının pozulması doluqanlılıq yaradır, kələflərin böyüməsinə, hemorroidal düyünlərin yaranmasına səbəb olur.

— Xəstəliyin əsas yaranma səbəbləri hansılardır? 

— Həmişə belə bir sual yaranır ki, hemorroidal damar kələfləri hamıda anadangəlmə vardır. Niyə hemorroidal xəstəlik hamıda yox, bir qrup adamlarda yaranır. Burda, əlbəttə ki, irsi faktorun da böyük rolu vardır. Çünki irsi meyllilik olan şəxslərdə düz bağırsağın bağ aparatında anadangəlmə zəiflik olur. Belə ki, bu tip bağlarda xüsusi kollagen sintezi çatışmamazlığı müşahidə edilir. Məhz bu səbəbdən belə tip insanlarda nəinki hemorroy, həmçinin də aşağı ətraf venalarında varikoz genişlənmə yaranır. Beləliklə, irsi faktor meyllilik yaradan amildir. Əmələgəlmə səbəblərinə isə xroniki qəbizlik, tez-tez ishalın olması, azhərəkətli oturaq həyat tərzi aid edilə bilər. Risk qrupuna sürücülər, ofis işçiləri, xəzinədarlar, hətta qəbulunda çox xəstə olan konsultasiya həkimləri daxildir. Ağır fiziki iş görmək, ağırlıq qaldırmaq da həmçinin hemorroidal xəstəliyin yaranmasına səbəb olur. Yükdaşıyanlar, ağır atletika, bodibildinq ilə məşğul olan idmançılar arasında da bu xəstəliyə tez-teztəsadüf edilir. Xüsusi qrup kimi hamilələri qeyd etmək lazımdır. Hamiləliyin əsasən III trimestrində böyüyən uşaqlıq çanaq venalarına təzyiq edərək hemorroidal kələflərdən qanın axınını pozur və hamilələrdə xəstəliyin yaranmasına səbəb olur. Doğuş prosesinin özü isə xəstəliyin inkişafı üçün provakasiyaedici faktordur. Qıdalanma xüsusiyyətləri də xəstəliyin yaranmasında vacibdir. Hemorroidal xəstəlik yağlı, qızardılmış, acılı, turşulu qida çox qəbul edənlər arasında çox yayılmışdır. Çox alkoqol qəbulu da yaranma səbəblərinə aid edilir.

— Hemorroidal xəstəliyin əsas əlamətləri hansılardır? 

— Qeyd etdiyim kimi, böyümüş düyünlərin  yaranması bu nahiyədə olan bağ aparatının gərilməsinə, boşalmasına səbəb olur, bu vəziyyət isə onların sallanmasına, xaricə çıxmasına, bu bölgədə yad cisim hissiyyatının, diskomfortun yaranmasına gətirib çıxarır. Bundan əlavə xəstələrdə gücvermə zamanı və ya tualetdən sonra qanaxma, həmçinin qaşınma, bağırsaqdan selikli ifrazatın xaric olması, anal bölgədə daima nəm hissiyyatın yaranması baş verir. Xəstələr bəzən düz bağırsağın tam boşalmamasından da şikayət edirlər. Bu simptomlar xəstəliyin mərhələsindən asılı olaraq tədricən proqressivləşməyə doğru gedir.

— Xəstəliyin diaqnozu necə qoyulur?

— Əsas tövsiyəm odur ki, insanlar özləri diaqnoz qoyub, konsultasiya olunmadan özbaşınamüalicə təyin etməsinlər. İlk növbədə koloproktoloqa müraciət etmək lazımdır. Xəstəliyin diaqnozu kompleks müayinə tədbirləri nəticəsində formalaşır. Bura ilkin baxış, anoskopiya, kolonoskopiya, yaranmış ağırlaşmaları ortaya çıxarmaq üçün qanın ümumi və biokimyəvi analizi aid edilə bilər. Düyünlərin yerləşməsinə görə xarici, daxili və kombinə olunmuş hemorroidal düyünlər müəyyən edilir. Xəstəliyin gedişatına görə kəskin və xroniki forması qeyd edilir. Kəskin formaya qanaxmanın baş verməsi və kəskin venoz tromboz aiddir. Bütün digər hallar isə xroniki formaya daxil edilir.

— Xəstəliyin müalicəsi barədə nə deyə bilərsiniz? 

— Diaqnoz qoyulduqdan sonra xəstəliyin mərhələsindən asılı olaraq müalicə üsulu təyin edilir. Müalicə terapevtik və cərrahi ola bilər. Hemorroidal xəstəliyin I mərhələsi konservativ müalicəyə yaxşı tabe olur. Müalicə tədbirlərinə həyat tərzinin dəyişdirilməsi, gigiyenik prosedurlara, pəhrizə riayət olunması, işlədici preparatların tətbiq edilməsi, düyünlərə gələn qanın miqdarını azaldan dərmanların qəbul edilməsi və yerli olaraq iltihab əleyhinə, ağrıkəsici, damar daraldıcı vasitələrin istifadə olunması aid edilir.Xəstəliyin II, III, IV mərhələlərində isə terapevtik metodlar xəstəliyin ağırlaşmalarını, yəni ağrıları, əmələ gələn ödem və şişkinliyi, düyünlərdə baş verən qanaxmanı azalda bilir, lakin düyünlərin tam geri çəkilməsinə nail olmaq mümkün olmur. Ona görə də xəstəliyin II mərhələsində terapevtik üsul effekt vermədikdə kiçikinvaziv cərrahi üsula üstünlük verilir, III və IV mərhələdə isə standart radikal üsulla düyünlər xaric edilir, yəni hemorroidektomiya əməliyyatı icra edilir. Bəzən III mərhələdə də kiçikinvaziv cərrahi üsullar tətbiq olunur, lakin kiçikinvaziv cərrahi üsullar tibbi statistikanın məlumatına görə 20-30% halda residiv verə bilər. Çünki kiçikinvaziv üsullar dedikdə düyünü qidalandıran damarın bağlanması, kavernoz toxumanın lazer koaqulyasiyası, lazer hemorroidoplastika, lateks həlqə ilə liqatura, damarın sklerozlaşdırılması, infraqırmızı koaqulyasiya və sair nəzərdə tutulur. Bu üsullar tətbiq edildikdə, düyünlər kəsilib çıxarılmır. Lakin radikal hemorroidektomiya əməliyyatından sonra effektivlik 90-95% təşkil edir.

— Əməliyyatdan sonrakı dövrün gedişatı barədə nə deyə bilərsiniz?

— Əməliyyatdan sonrakı dövr cərrahi müdaxilə qədər çox mühüm əhəmiyyət daşıyır. Çünki yara cərrahın nəzarəti ilə sağalmalıdır. Bu cür yanaşma yaranın tez sağalmasına səbəb olur, anal kanalın daralması, deformasiyası və qanaxma kimi ağırlaşmaların qarşısının alınmasında böyük əhəmiyyət kəsb edir.

Əməliyyatdan sonrakı dövrdə bəzi ağırlaşmalar da müşahidə edilə bilər. Bunlara ağrı sindromunun olması, yaraların ləng sağalması, əməliyyatdan sonrakı dövrdə qanaxma, sidik ifrazının ləngiməsi, defekasiya zamanı çətinlik, qazı saxlaya bilməmə, strikturanın formalaşması aid edilir. Məhz bu cür ağırlaşmaların baş verməməsi üçün həkim nəzarəti bu dövrdə çox vacibdir.

— Əməliyyatdan sonrakı dövrdə fiziki məhdudiyyətlər barədə nə deyə bilərsiniz?

— Əgər xəstədə kiçikinvaziv əməliyyat icra olunubsa, fiziki aktivliyə 3-4 həftə məhdudiyyət qoyulur. Yox, əgər xəstə hemorroidektomiya əməliyyatı keçiribsə, bu əməliyyatdan sonra 3 aya qədər xəstə ağır fiziki işlər və hərəkətlərdən qorunmalıdır.

— Xəstəliyin profilaktikasına nə aid ola bilər?

— Alkoqoldan istifadə edilməsi, oturaq həyat tərzi, ağırlıq qaldırmaq, gigiyenaya düzgün riayət edilməməsi — bu qeyd olunanların  xəstəliyin əmələ gəlməsində rolu vardır. Xəstəliyin yaranmasında əsas meyllilik yaradan faktor qəbizliyin olmasıdır. Ona görə də defekasiyanın normallaşdırılması da həmçinin profilaktikaya aid edilir.

— Sonda nə söyləmək istərdiniz? 

— Rəsmi olaraq, statistika məlumatlarına görə, dünyada hər 5 insandan birində hemorroidal xəstəlik müşahidə edilir. Yaş baxımından isə xəstəlik əsasən aktiv iş qabiliyyəti olan insanlar arasında təsadüf edilir. Bunu nəzərə alaraq əsas məsləhətim odur ki, bu cür patologiya ilə rastlaşan insanlar vaxtında və mütəxəssisə müraciət etsinlər.

Sonda Nərgiz Məmmədova azmedinfo.az saytı haqqında xoş sözlərini bildirib:

«Azmedinfo.az səhiyyə sahəsində maarifləndirmə işinə mühüm töhfə verir. İnsanları düzgün tibbi məlumatlarla təmin edərək, onların sağlam qərarlar verməsinə kömək edir. Belə platformaların mövcudluğu cəmiyyət üçün çox önəmlidir.»