Elmi Cərrahiyyə Mərkəzində 17 İyun — Tibb İşçilərinin Peşə Bayramı təntənə ilə qeyd olundu

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsdə 17 İyun — Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir təşkil olunub.

Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı hər il 17 iyun tarixində qeyd olunur. Bu günün rəsmi status alması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 4 iyun 2001-ci il tarixində imzaladığı sərəncama əsasən, 17 iyun Respublikamızda Tibb İşçilərinin Peşə Günü kimi təsis edilib və hər il qeyd olunur.

Bayram tədbirində Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev çıxış edərək, ölkəmizdə səhiyyənin inkişaf dinamikasından bəhs edib. O vurğulayıb ki, səhiyyə sahəsində aparılan islahatlar və həyata keçirilən dövlət proqramları cəmiyyətin rifahı və sağlam gələcəyi üçün mühüm rol oynayır. Onun sözlərinə görə, səhiyyənin inkişaf səviyyəsi hər bir ölkənin ümumi inkişafının əsas göstəricilərindən biridir və Azərbaycan bu sahədə mühüm uğurlar əldə edir.

Professor Rauf Ağayev həmçinin qeyd edib ki, səhiyyədə müşahidə olunan irəliləyişlər elm, təhsil və texnologiya sahələrində də pozitiv təsirini göstərir. Tibb sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqları dünya miqyasında tanınır, onlar nüfuzlu beynəlxalq tibb mərkəzlərində elmi-praktik əməkdaşlıqlarda iştirak edir və Azərbaycan səhiyyəsinin nailiyyətlərini qlobal arenada uğurla təmsil edirlər.

Tədbirin sonunda Elmi Cərrahiyyə Mərkəzin bir sıra əməkdaşlarına uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmanlar təqdim olunub, həmçinin onlara xatirə hədiyyələri verilib. Bu təltiflər onların peşəkar əməyinə və səhiyyə sahəsinə verdikləri töhfələrə verilən yüksək dəyərin ifadəsi kimi qiymətləndirilib.