Ümummilli lider Heydər Əliyevin anım günü
Bu gün Azərbaycan xalqının milli lideri, uzaqgörən siyasətçi və dövlət xadimi Heydər Əliyevin anım günüdür. Ölkənin bütün müəssisə və təşkilatlarında olduğu kimi, Elmi Cərrahiyyə Mərkəzində də Ulu Öndərin əziz xatirəsi böyük hörmət və ehtiramla yad edildi.
Tədbir Ulu Öndər Heydər Əliyevin xatirəsinin anılması ilə başladı. İclasın əvvəlində iştirakçılar 1 dəqiqəlik sükutla Ulu Öndərin ruhunu yad edərək onun Azərbaycan tarixində oynadığı müstəsna rolun böyüklüyünü bir daha ifadə etdilər.
Ardınca Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev geniş məzmunlu çıxış etmişdir. O, Heydər Əliyevin şərəfli və zəngin həyat yolundan, dövlət idarəçiliyində böyük təcrübəsindən, xalqın inkişafı və rifahı naminə göstərdiyi xidmətlərdən bəhs etmişdir. Çıxış zamanı Rauf Ağayev xüsusilə vurğulamışdır ki, Heydər Əliyevin qayğısı ilə Azərbaycan Respublikasının müstəqilliyi möhkəmlənmiş, ölkədə sabitlik və milli həmrəylik bərpa olunmuşdur.
Natiq həmçinin qeyd etmişdir ki, Heydər Əliyev təkcə siyasi lider olaraq deyil, həm də bir şəxsiyyət kimi xalqın qəlbində dərin iz qoymuş, milli dövlətçilik ideologiyasının formalaşmasına və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə böyük töhfə vermişdir.
Tədbirin sonunda Ulu Öndərin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq Heydər Əliyevin büstünün önünə əklil qoyulmuşdur.
Ulu Öndər Heydər Əliyevin xatirəsi daim ehtiramla anılacaq, onun ideyaları Azərbaycan xalqının yoluna işıq salmağa davam edəcəkdir.



























































































