Patomorfologiya sahəsində elmi-praktik yanaşmalar: klinik təcrübə və müasir təsnifatların rolu

20 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində “Patomorfologiyanın müasir aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransın əsas məqsədi patologiya sahəsində çalışan mütəxəssislər arasında elmi müzakirələrin aparılması, klinik praktikada rast gəlinən maraqlı hadisələrin təhlili, həmçinin yeni qəbul olunmuş beynəlxalq protokolların və təsnifat sistemlərinin tətbiqinin müzakirə edilməsi olmuşdur.

Açılış nitqi ilə Elmi Cərrahiyyə Mərkəzinin direktor müavini t.e.d.İlham Kazımov çıxış edərək, bütün tədbir iştirakçılarını salamlamış, patologiya sahəsində aparılan elmi-praktik tədbirlərin tibbin inkişafında mühüm rol oynadığını vurğulamış, müasir diaqnostik yanaşmaların klinik qərarvermədə əhəmiyyətindən bəhs etmişdir. O, bu cür konfransların mütəxəssislər arasında bilik və təcrübə mübadiləsinin genişlənməsinə töhfə verdiyini qeyd etmişdir.

Klinik laboratoriya və patomorfologiya şöbəsinin rəhbəri t.ü.f.d., dosent Fikrət Əliyev çıxış edərək, patologiyanın müasir tibbdə artan əhəmiyyətindən, düzgün diaqnostikanın klinik qərarvermədə rolundan və bu tip elmi tədbirlərin həkimlərin bilik və bacarıqlarının artırılmasında mühüm əhəmiyyət daşıdığından bəhs etmişdir.

Konfransın elmi hissəsində Elmi Cərrahiyyə Mərkəzinin Patomorfologiya laboratoriyasının elmi işçisi t.ü.f.d.Abuyetər Müzəffərzadə “Bethesda təsnifatının AUS kateqoriyasının klinik dəyərləndirilmədə rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə AUS kateqoriyasinin sitoloji qiymətləndirmədə rolu, klinik risklərin düzgün dəyərləndirilməsi və bu nəticələrin xəstələrin sonrakı müalicə taktikasına təsiri ətraflı şəkildə izah olunmuşdur. Təqdimat zamanı real klinik nümunələr əsasında praktik yanaşmalar iştirakçıların diqqətinə çatdırılmışdır.

Konfransın növbəti hissəsi klinik hadisələrin müzakirəsinə həsr olunmuşdur. Bu bölmədə Milli Onkologiya Mərkəzinin mütəxəssisləri–Səbinə Şahhüseynova, Aysel Salmanova və Nigar Məmmədova tərəfindən onkoloji praktikada rast gəlinən mürəkkəb və maraqlı klinik hadisələr təqdim edilmiş, diaqnostik yanaşmalar və patoloji nəticələrin müalicə prosesinə təsiri geniş müzakirə olunmuşdur.

Eyni zamanda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nümayəndəsi Adilə Hümmətova öz çixişinda patoloji anatomiya sahəsində ekspert qiymətləndirmənin hüquqi və tibbi əhəmiyyətinə toxunmuşdur. Bakı Patologiya Mərkəzinin nümayəndəsi, Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri fakultəsinin əməkdaşı t.ü.f.d.Camal Musayev isə patoloji diaqnostikada akademik bliklərlə klinik təcrübənin inteqrasiyasının vacibliyini vurğulamışdır.

Konfrans müzakirələrlə zəngin olmuş, iştirakşılar arasında fikir mübadiləsi aparılmış, verilən suallar ətrafında praktiki yanaşmalar formalaşdırılmışdır. Tədbir patologiya sahəsində çalışan həkimlərin biliklərinin artırılması, müasir yanaşmaların paylaşılması və gələcək elmi əməkdaşlıqlar üçün mühüm platforma rolunu oynamışdır.