“Elektron xəstəlik vərəqəsi”nin tətbiqinə həsr olunmuş infosessiya keçirilib
Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (ECM) “Elektron xəstəlik vərəqəsi” (e-bülleten) sisteminin tətbiq olunmasına həsr olunmuş infosessiya keçirilib. Tədbirdə çıxış edən direktorun müalicə işləri üzrə müavini Nazim Hacıyev “elektron epikriz”, “elektron resept” sistemlərinin əhəmiyyətindən söz açıb.
Sonra çıxış edən ECM-in şöbə müdiri Günel Məmmədova sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında ətraflı məlumat verib. Həmçinin qeyd edib ki, “Elektron xəstəlik vərəqəsi” (e-bülleten) informasiya sistemi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən hazırlanıb. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında vərəqələrə dair məlumatların vahid elektron reyestrdə birləşdirilməsi, kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı böyük işdən uzaqlaşması, o cümlədən sığortaçıların xərclərinin azaldılması və dövlət büdcəsinin yükünə qənaət edilməsi məqsədilə həyata keçirilib.
Çıxışçı vurğulayıb ki, tibb müəssisəsi tərəfindən yazılan, müalicə həkimi və ya müvafiq digər tibb işçisinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilən elektron xəstəlik vərəqəsi müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinətlərin təyin edilməsi və ödənilməsi üçün əsas olacaq. İşəgötürənlər üçün e-bülleten Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemində, tibb işçiləri üçün isə “e-Səhiyyə” portalı və mobil tətbiqində əlçatanlığı təmin edilib.
İnfosessiyada bildirilib ki, e-bülleten vərəqəsinin formalaşdırılması şərtləri və qaydaları səhiyyə sahəsində dövlət siyasətinin və hüquqi tənzimləmənin işlənib hazırlanması və həyata keçirilməsi funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılıb.