Xocalı soyqırımı: unudulmayan tariximiz

Bu gün Səhiyyə Nazirliyinin akademik Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (ECM) 26 fevral – Xocalı Soyqırımı ilə bağlı tədbir keçirilmişdir. İlk olaraq, Xocalı qurbanlarının və vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

ECM-in direktoru, professor Rauf Ağayev tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan tarixinin ən faciəli və unudulmaz səhifələrindən biri olan Xocalı soyqırımının ildönümünü dərin hüzn və ehtiramla yad edirik. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər yalnız xalqımızın deyil, bütün insanlığın qan yaddaşına həkk olunmuş bir faciədir.

Günahsız insanların – qadınların, uşaqların, qocaların amansızcasına qətlə yetirilməsi, şəhərin yerlə-yeksan edilməsi, tarixdə misli görünməmiş bir vəhşilik idi. Bu soyqırımı nəticəsində 613 nəfər şəhid oldu, 487 nəfər ağır yaralandı, 1275 nəfər əsir götürüldü, yüzlərlə insanın taleyi isə hələ də naməlumdur. Bu rəqəmlər yalnız soyuq statistika deyil, hər biri bir ailənin, bir taleyin faciəsidir.

Lakin biz tariximizin bu qara səhifəsini yalnız matəm günü kimi xatırlamırıq. Xocalı soyqırımı bizə bir daha göstərdi ki, xalqımız birlik və iradə ilə öz haqqını tələb edə bilər. Bu gün biz, qalib bir ölkə olaraq, şəhidlərimizin ruhu qarşısında baş əyir, onların xatirəsini daim uca tuturuq. Xocalı sakinləri artıq öz doğma yurdlarına qayıdır, şəhər yenidən qurulur və dirçəlir. Bu, bizim ən böyük qələbəmiz və düşmənə ən güclü cavabımızdır.

Xocalı qurbanlarının qanı yerdə qalmadı. 2020-ci ildəki 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı və ordusu öz şücaətini göstərərək torpaqlarını işğaldan azad etdi. Bu, həm haqqın, həm də ədalətin zəfəri idi. Biz indi daha güclüyük, daha əzmkarıq və gələcəyə daha inamla baxırıq.

Bu gün burada, Xocalı qurbanlarının xatirəsini yad edərkən bir daha bildiririk: Biz unutmadıq və unutmayacağıq! Xocalıya ədalət tələbimiz yalnız bizim deyil, bütün dünyada insan haqları və ədalət uğrunda mübarizə aparan hər kəsin tələbidir. Tarixi unutmaq, gələcək faciələrin təkrarlanmasına yol açmaq deməkdir. Biz isə buna heç vaxt imkan verməyəcəyik!

Şəhidlərimizə Allah rəhmət eləsin!
Eşq olsun Azərbaycan xalqına!
Qarabağ Azərbaycandır!