Elmi Cərrahiyyə Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsi anıldı

Bu gün akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətçiliyimizin memarı Heydər Əliyevin anadan olmasının 102- ci ildönümünə həsr olunmuş tədbiri keçirildi.

Öncə tədbir iştirakçıları Ulu Öndərin büstü önünə əkilil qoydular, xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Daha sonra tədbirdə çıxış edən ECM-in direktoru, professor Rauf Ağayev Ulu Öndərin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən, onun Azərbaycan tarixində qoyduğu əbədi və silinməz izlərdən danışdı.

Professor bildirdi ki, “Heydər Əliyev haqqında cild-cild kitablar yazılıb, günlərlə danışmaq olar və yenə də bitməz. O, Azərbaycanın müstəqilliyini təmin edən, onu beynəlxalq arenada tanıdaraq söz sahibi edən unikal siyasi şəxsiyyət idi. Onun fenomenal yaddaşı, uzaqgörənliyi, prosesləri dərindən və dəqiq təhlil etmək qabiliyyəti, xüsusilə iqtisadi sahədəki çevik yanaşmaları ilə Azərbaycanın inkişafının əsasını qoyub.

Ulu Öndərin xilaskarlıq missiyası nəticəsində Azərbaycan böhrandan çıxaraq güclü, qüdrətli bir dövlətə çevrildi. Onun rəhbərliyi ilə aparılan siyasət nəticəsində Azərbaycan bu gün beynəlxalq aləmdə nüfuzlu mövqe tutub, regionun lider dövlətlərindən birinə çevrilib. MDB məkanında sürətlə inkişaf edən ölkələr sırasında öncül yeri tutmağımız da bu uzaqgörən siyasətin bariz nəticəsidir.

Yaxın günlərdə Naxçıvan Muxtar Respublikasında yerləşən Heydər Əliyev Muzeyinə səfər zamanı diqqətimi bir sənəd cəlb etdi — bu, Naxçıvan Muxtar Respublikasının SSRİ-nin tərkibindən çıxması ilə bağlı imzalanmış tarixi sənədin nüsxəsi idi. Tarixin o mürəkkəb və ziddiyyətli dönəmində belə cəsarətli və taleyüklü qərarı yalnız Heydər Əliyev kimi iradəli, uzaqgörən lider qəbul edə bilərdi.

Bu gün gücü və peşəkarlığı ilə dünya hərbi ekspertlərinin nümunə göstərdiyi, qalib Azərbaycan Ordusunun möhkəm təməli məhz Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi dövründə atılıb. O, müasir, güclü və qüdrətli ordunun əsasını qoyaraq Azərbaycanın hərbi qüdrətini zamanın sınaqlarına hazırladı. Bu müqəddəs yolun davamçısı, müdrik lider, Ali Baş Komandan İlham Əliyev atasının miras qoyduğu siyasi kursu qətiyyətlə və uğurla davam etdirərək, Azərbaycanın beynəlxalq aləmdə söz sahibinə çevrilməsi və ərazi bütövlüyünün bərpası uğrunda misilsiz tarixi zəfərlərə imza atdı .”

Çıxışının sonunda professor Rauf Ağayev vurğuladı ki, Azərbaycan xalqı yaşadıqca, Heydər Əliyev də insanların qəlbində yaşayacaq.

Digər çıxışçılar da Ulu Öndərin həyat və fəaliyyətindən, Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafı naminə göstərdiyi misilsiz xidmətlərindən bəhs etdilər.

Allah Ulu Öndərimizə rəhmət eləsin!