Elmi Cərrahiyyə Mərkəzi və Ankara Universiteti arasında elmi-tibbi əməkdaşlıq memorandumu imzalandı
05 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyində səhiyyə nazirinin müavini dosent Nadir Zeynalovun iştirakı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ilə Türkiyə Respublikası Ankara Universiteti arasında elmi, klinik və tədris istiqamətlərində əməkdaşlığı nəzərdə tutan “Anlaşma Memorandumu” imzalanıb. Memorandumu Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev və Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar imzalayıblar.
Tədbirdə nazir müavini Nadir Zeynalov çıxış edərək, ölkədə gedən səhiyyə islahatları haqqında, tibbi təhsil haqqında məlumat verdi, tibbi yardım və tibbi təhsil sahəsində Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlığı vurğuladı. Nadir müəllim çıxışında bildirdi ki, Azərbaycan Respublikasının səhiyyə naziri cənab Teymur Musayev ölkə səhiyyəsinin Türkiyə Respublikası ilə əməkdaşlığına böyük önəm verir.
Türkiyə Respublikası Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar çıxışında ilk olaraq ölkəmizi Zəfər Bayramı münasibəti ilə təbrik etdi, sonra son 5 ildə tibb sahəsində Azərbaycanla Türkiyənin sıx əlaqələrini vurğuladı, həmçinin rəhbərlik etdiyi Ankara Üniversitetində çoxsaylı azərbaycanlı tələbəlirin təhsil aldığını bildirdi. Necdet bəy ürək transplantasiyası sahəsində müştərək layihə barədə təklif irəli sürdü, xəstə və elmi araşdırma mübadiləsi barədə dəyərli fikirlər söylədi.
Elmi Cərrahiyyə Mərkəzinin direktoru professor Rauf Ağayev çıxış edərək bildirdi ki, anlaşma memorandumu elmi-tədqiqat, klinik fəaliyyət, tədris və peşəkar hazırlıq sahələrində qarşılıqlı əməkdaşlığı, birgə layihələrin icrasını, elmi mübadilə və gənc tətqiqatçılar üçün təcrübə proqramlarının həyata keçirilməsini nəzərdə tutur. O, belə bir anlaşma müqaviləsini Ankara Universiteti ilə bağlanmasına verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Teymur Musayevə öz təşəkkürünü bildirdi.
İmzalanan sənəd Azərbaycan və Türkiyə arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin daha da güclənməsinə, birgə innovativ təşəbbüslərin və elmi nailiyyətlərin inkişafına töhfə verəcək.

























































































